Abşeronda Heydər Əliyevin xatirəsi yad edildi – Foto

Abşeronda Heydər Əliyevin xatirəsi yad edildi – Foto

Abşeron rayonunda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımıza qurtuluş bəxş edən, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzüblər.

AzerTimes xəbər verir ki, Ulu Öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ümummilli lider Azərbaycan dövlətçiliyini dağılmaqdan, ölkədə vətəndaş müharibəsinin baş verməsindən qoruyub. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda ölkə iqtisadiyyatında surətli inkişafın əldə olunduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını, nizami ordu quruculuğunun əsasının qoyulduğunu, ölkədə bütün sahələrdə irəliləyişlərin əldə olunduğunu qeyd edən RİH başçısı bildirib ki, Ulu Öndərin qurduğu Azərbaycan nəinki bölgədə, o cümlədən bütün regionda güclü dövlətə çevrilmişdir.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları və Azərbaycançılıq məfkürəsi ilə tərbiyə olunmuş igid oğullarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında düşmənə ağır zərbə vurmuş və xalqımız Vətən Müharibəsində qalib gələrək 30 illik düşmən işğalına son qoyub.

Daha sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Qeyd edilib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.

Tədbirdə Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülmüş işlər barədə də genş danışılıb və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilib.

Teqlər: