Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlandı

bp Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator
olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin
Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ
geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.

bp-dən AzerTimes-a bildirilib ki, bundan əvvəl Abşeron yarımadasının
dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat
quyusu (BHEX01) bağlanmışdır. Bu quyu AYDH üzrə müqavilə sahəsinin
qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılmış
və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk
edilmişdir. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen
ehtiyatları aşkarlanmamışdır.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində
qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə Əsas kəşfiyyat
dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu
mərhələsidir.

Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də
başlanmışdır və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı
gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat
toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma
işləri əlavə bir ay da davam edə bilər.

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun
dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun
ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.

bp AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və
hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir.
Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti – 50% və
LUKOİL – 25%.

Teqlər: