Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik
zirvəsinə yüksələn igidlərimizin ailələri ilə görüş keçirilmişdir.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
Rayon Ağsaqqallar Şurasının sədri və YAP Abşeron Rayon Təşkilatının
sədri iştirak etmişlər.
Görüşdə Abdin Fərzəliyev bildirmişdir ki, Azərbaycanla
Ermənistan arasında 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən
sonra mənfur düşmənlərimiz dəfələrlə atəşkəsi pozmuş və müxtəlif
vaxtlarda hərbi təxribatlar törətməyə cəhdlər etmişlər. Növbəti
belə təxribatlardan birininin də 2016-cı il aprelin əvvəllərində
müşahidə olunduğunu, lakin Azərbaycan Ordusunun layiqli cavabı və
əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH
başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş
nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki düşmən, eyni
zamanda onların havadarları da görmüşdür.
Qeyd edilmişdir ki, tarixə “Aprel döyüşləri” kimi düşən və
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən savaşın sonunda
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl
rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun
Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi
mövqelər düşməndən azad olunmuşdur. Əsgərlərimiz bu döyüşlə
cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında
yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi
bacarmışdılar.
Aprel döyüşlərindən sonra Qarabağa böyük qayıdışın əsası
qoyulmuşdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam
edən Vətən Müharibəsində xalqımız qalib gələrək işğal altında olan
torpaqlarımızı tamamilə azad etmişdir. Hazırda işğaldan azad
olunmuş dədə-baba yurdlarımızda böyük quruculuq və abadlıq
işlərinin aparıldığını, bu işlər bitəndən sonra həmin şəhər və
rayonlarımızda həyatın yenidən canlanacağını deyən RİH başçısı onu
da qeyd etmişdir ki, bundan sonra da vətənimizə qarşı hər hansı bir
silahlı təxribat baş verəcəyi təqdirdə ordumuz bütün hərbi
müdaxilələri yerindəcə məhv etməyə qadir və hazırdır.
Respublikamızın bütün ərazilərində olduğu kimi, Abşeron
rayonunda da yaşayan şəhid ailələrinin Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını daim hiss
etdiklərini vurğulayan RİH başçısı şəhid ailələrinin problemləri və
qayğıları ilə maraqlanmışdır.
Şəhid ailələri də öz növbələrində həyatlarının hər bir anlarında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət
və qayğısını hiss etdiklərini önə çəkərək buna görə təşəkkürlərini
ifadə etmişlər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə “Vətən uğrunda”,
“Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq
görülən şəhid Həsənli Elçin Vaqif oğlunun əvvəllər yaşadığı Masazır
kəndindəki evinə gedərək onun ailə üzvlərinə baş çəkmişlər. Görüşdə
E.Həsənlinin Vətən müharibəsində göstərdiyi şücaətlərdən söz
açılmış, xatirəsi ehtiramla yad edilmişdir. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qalib gəldiyi
Vətən Müharibəsindən, işğaldan azad edilmiş torpaqlarımızda həyata
keçirilən quruculuq işlərindən, regionda baş verən siyasi
proseslərdən və ölkəmizdəki sabitlikdən danışılmışdır.
Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə
maraqlanmışdır.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən
Müharibəsi qazisi, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın
azad olunmasına görə” medallarına layiq görülən Nağıyev Elşən
Mirzəğa oğlunun doğum günündə iştirak etmişdir. Qazimizi təbrik
edən RİH başçısı onun qayğıları və problemləri ilə
maraqlanmışdır.
Abşeron rayonunda şəhid ailələrinə və qazilərə daima diqqət və
qayğının göstərildiyini söyləyən E.Nağıyev buna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü
bildirmişdir.