ABŞ Venesuela mülki təyyarəsini ələ keçirdi

ABŞ Venesuela mülki təyyarəsini ələ keçirdi

Venesuela hökuməti ABŞ-ı Argentinanın iştirakı ilə “Aerocargos del Sur” nəqliyyat aviaşirkətindən Boinq 747-300 təyyarəsini oğurlamaqda ittiham edib və təyyarənin geri qaytarılması üçün bütün tədbirləri görəcəyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto X sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu ölkələr mülki aeronavtikanı tənzimləyən bütün qaydaları, həmçinin yuxarıda adı çəkilən şirkətin kommersiya, mülki və siyasi hüquqlarını kobud şəkildə pozaraq, regionda hava hərəkətinin təhlükəsizliyini təhlükə altına atıb:

“Venesuela təyyarənin qaçırılmasına qəti və birbaşa cavab verəcək. Bunun üçün milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mövcud vasitələrdən istifadə edəcək”.

Qeyd edək ki, Venesuela şirkətinin təyyarəsi 2022-ci il iyunun əvvəlində yanacaq doldurmaq üçün eniş etdikdən sonra Argentinada saxlanılıb. Argentina məhkəməsi 5 İran və 14 Venesuela vətəndaşının da olduğu təyyarənin ekipajına ölkədən çıxmağı qadağan edib. Terrorçu qruplarla əlaqəsi yoxlanıldıqdan sonra onlar sərbəst buraxılıblar. ABŞ-ın təkidi ilə təyyarə Argentina hakimiyyəti tərəfindən ələ keçirilib. Yanvarın əvvəlində isə Argentina məhkəməsi Amerikanın təyyarənin təhvil verilməsi tələbini təmin edib və fevralın 12-də təyyarə ABŞ-a təhvil verilib.

Teqlər: