ABŞ Səfiri Müdafiə Departamenti tərəfindən DGK-yə verilən İngilis dili təlimatı avadanlığının təqdimat mərasimində iştirak edir (FOTO)

Birləşmiş Ştatların Səfiri Litzenberqer Dövlət Gömrük
Komitəsinin (DGK) Sədr Müavini General Mayor Cavad Qasımov ilə
birgə ABŞ tərəfindən Komitəyə İngilis dilinin tədrisi üçün təqdim
edilən kompüterləri və təlim materiallarını nəzərdən
keçirmişdirlər. Sözügedən yardım ABŞ-ın Müdafiə Departamentinin
2019-cu ildən bəri Azərbaycana qanunsuz daşınmaların qarşısının
alınması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və dəniz
sərhədlərinin müdafiəsi üçün yönəlmiş yardımın bir hissəsidir.

Səfir Litzenberqerin Gömrük Komitəsinin Akademiyasına səfər
etdiyi zaman nəzərdən keçirdiyi avadanlıqlar ABŞ-ın Dövlət Gömrük
Komitəsinə “Tərəfdaşların Əməliyyat Bacarıqlarının inkişafı”
proqramı vasitəsilə ayırdığı 30 milyon dollar dəyəri olan yardımın
bir hissəsidir. Bu proqram Azərbaycanın sərhəd təhlükəsizliyinin
gücləndirilməsi məqsədinə xidmət edir. 2019-cu ildən bəri ABŞ-ın
Müdafiə Departamenti Azərbaycana qanunsuz daşınmaların və sərhəd
pozulmalarının qarşısının alınması üçün təqribən 90 milyon dollar
dəyəri olan yardım ayırmışdır.

Səfir Litzenberqer çıxışı zaman qeyd etmişdir ki, ABŞ Səfirliyi
və Dövlət Gömrük Komitəsi güclü münasibətlər yaratmağa nail
olmuşdur. Sözügedən tədbir Dövlət Komitəsinin əməkdaşlarının
peşəkar bacarıqlarının və resurslarının daha da inkişafına yönələn
səylərin vacibliyini vurğulayır. Səfir Litzenberqer qeyd etmişdir:
“Azərbaycan əhalisinə təhlükə yaradan narkotik və digər qanunsuz
malların daşınması hər zaman problem olmuşdur. Bu xüsusilə
Azərbaycanın İranla olan cənub sərhədində özünü biruzə verir. Bizim
Müdafiə Departamentimiz, habelə ABŞ-ın digər hüquq-mühafizə
agentlikləri, misal üçün Narkotiklərə Qarşı Mübarizə
Administrasiyası, Dövlət Gömrük Komitəsi və digər sərhəd
təhlükəsizliyi sahəsində çalışan orqanlar ilə birgə işləyir. Bu
əməkdaşlığın əsnasında biz təhlükələrin aradan qaldırılması üçün
zəruri təlimləri təmin edirik.”

Səfir Litzenberqer davam edərək qeyd etmişdir: “Dövlət Gömrük
Komitəsinin sərhəd təhlükəsizliyi sahəsində çalışan əməkdaşların
təliminə yönəldiyi səylər bizi çox sevindirir. Azərbaycanda bir
neçə İngilis dili təlim layihələrini həyata keçiririk və bu gün
nəzərdən keçirdiyimiz layihə ABŞ və Azərbaycan arasında olan
30-illik əməkdaşlığın inkişafı istiqamətində atılan daha bir
addımdır. Azərbaycanın strateji baxımdan vacib olması onu ABŞ-ın
bölgədəki tərəfdaşına çevirir. Əlimizdə olan fürsətdən istifadə
edərək Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin edən
insanlar üçün yarana bilən təhlükələrin qarşısının alınması məqsədi
ilə yardım etməyə hazırıq.”

Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti
general-mayoru Cavad Qasımov qonaqları salamlayaraq onları Dövlət
Gömrük Komitəsinin Akademiyasında görməkdən məmnun olduğunu
bildirib. Sədr müavini səfirə gömrük işinin təşkili istiqamətində
iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil
sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.
C.Qasımov gömrük xidməti əməkdaşlarına ilkin xidmətə hazırlıq,
ixtisasartırma və X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik
sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən
təlimlərinin keçirilməsi, o cümlədən Akademiyada müasir texniki
nəzarət vasitələri ilə təmin edilmiş laboratoriyada gömrük
orqanlarının vəzifəli şəxslərinin ixtisasartırma təlimlərinə cəlb
edilmiş əməkdaşlarına təlimlərin keçirilməsi barədə ətraflı məlumat
verib. Daha sonra Cavad Qasımov Linqafon kabinetinin açılışının
vacib perspektivindən söz açaraq bu addımın həm tələbələrin, həm də
gömrük xidməti əməkdaşlarının inkişafı baxımından uğurlu addım
olduğunu xüsusilə vurğulayıb. O, Linqafon kabinetinin qurulmasında,
onun müvafiq tədris resursları ilə təmin olunmasında köməklik
göstərildiyi üçün, həmçinin ABŞ-ın Cənubi Karolina ştatının
Çarlston şəhərində 16-20 may tarixlərində “Kütləvi qırğın
silahlarının yayılmaması üzrə beynəlxalq ixrac nəzarəti proqramı
çərçivəsində beynəlxalq dəniz limanı qadağaları” mövzusunda
keçirilən təlimdə gömrük əməkdaşlarının iştirakının təmin edilməsi
ilə bağlı səfirə və ABŞ hökümətinə öz təşəkkürünü bildirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə
Namazova da öz növbəsində qonaqları salamlayaraq onları təmsil
etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib.
C.Namazova səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas
fəaliyyət istiqamətləri haqqında məluma verib, həm tələbələr, həm
də gömrük xidməti əməkdaşları tərəfindən xarici dil olaraq ingilis
dilinin mənimsənilməsinə Akademiyanın çox böyük önəm verdiyini
vurğulayıb.

ABŞ-ın Narkotiklərə qarşı Mübarizə Administrasiyasının
təmsilçisi Coşua Evansda tədbirdə iştirak edərək təşkilatın
Azərbaycan hökuməti və ABŞ-ın Müdafiə Departamenti ilə etdiyi
əməkdaşlığın vacibliyini vurğulamışdır. Evan “Azərbaycanla
etdiyimiz əməkdaşlığın bir hissəsi olaraq biz Azərbaycan hökuməti
və Müdafiə Departamenti ilə birgə narkotiklərin daşınmasına qarşı
işimizi davam etdiririk” demişdir. O, “Azərbaycan Narkotiklərə
qarşı Mübarizə Administrasiyasının vacib tərəfdaşıdır”-deyə əlavə
etmişdir.

ABŞ-ın Müdafiə Departamenti dünyanın müxtəlif dövlətlərindən
olan tərəfdaşları ilə işləyərək onların qanunsuz malların
daşınması, insan alveri və silah alverinə qarşı fəaliyyət üçün
lazımı bacarıqlarını inkişaf etdirməyə yardım edir. ABŞ-ın Avropa
Komandanlığının Qanunsuz Danışmalara Qarşı Əlaqələndirmə Mərkəzi və
ABŞ-ın Narkotiklərə Qarşı Administrasiyası əməkdaşlıq edərək ABŞ-ın
Azərbaycandaki Səfirliyi vasitəsilə qanunsuz daşınmaların və
transmilli təhlükələrin əlehinə proqramları tərtib etməyə kömək
edir.

ABŞ-ın Müdafiə Departamenti 2002-ci ildən bəri Dövlət Gömrük
Komitəsi habelə Azərbaycanın digər sərhəd təhlükəsizliyi qurumları
ilə fəal tərəfdaşlıq etmişdir. 2019-cu ildən bəri Müdafiə
Departamenti tərəfindən verilən yardımlar və təlimlər Azərbaycan
Dövlət Gömrük Komitəsinin əməliyyat bacarıqların artırılması və
narkotik və digər qanunsuz materiallar daşınmalarının qarşısının
alınmasına xidmət edir.

Teqlər: