ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək – Pentaqon

Vaşinqton yaxın zamanda Almaniyadan Rumıniyaya minə yaxın, həmçinin ABŞ-dan Almaniya və Polşaya ümumilikdə 2 minə yaxın hərbçi göndərmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət NATO-nun şərq hissəsində müdafiə imkanlarını gücləndirməyi tələb edir.


“Prezident Cozef Bayden ABŞ-ın Avropanın təhlükəsizliyinə və sabitliyinə qarşı artan təhlükəyə cavab verəcəyini açıq şəkildə bildirib. Bizim NATO-nun (Şimali Atlantika Müqaviləsinin – red.) 5-ci maddəsinə və kollektiv təhlükəsizliyə sadiqliyimiz sarsılmaz olaraq qalır. Bu öhdəliklərin bir hissəsi olaraq və bir sıra gözlənilməz vəziyyətlərə hazırlaşmaq üçün ABŞ tezliklə Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək”, – deyə mətbuat katibi bildirib.