İranda elə hərbi texnologiyalar var ki, heç kəs bilmir. Amerikalılar isə biz onları tətbiq edəndə biləcəklər.
AzerTimes xəbər verir ki, bu sözləri SEPAH baş komandanının müavini, admiral Əli Fədavi deyib.
O qeyd edib ki, İraqla müharibə zamanı İran silahlı qüvvələri bütün hərbi texnikanı xaricdən idxal edirdi, hazırda isə ölkə özünün müdafiə qabiliyyətinin qurulmasında böyük irəliləyiş əldə edib:
“Biz hətta ölkə daxilində tikanlı məftil də istehsal edə bilmirdik, bu gün isə dünya supergücünə öz hərbi texnikamızı satırıq. Bəziləri deyirdi ki, kater və hərbi gəmi istehsal etməyə ehtiyac yoxdur, onları almalıyıq, ancaq biz sürətli katerlər istehsal edə bildik. Biz “yer-yer” raketlərini Çindən 1984-cü ildə almışdıq, sonra qərara gəldik ki, özümüz istehsal edək və indi özümüzün 2 min km mənzilli qanadlı raketimiz var”.
Onun sözlərinə görə, əvvəllər ABŞ-ın Fars körfəzində çoxlu döyüş gəmisi var idi, lakin bu gün ABŞ gəmilərinin sayı azalıb:
“Bu gün ABŞ regiondan qaçıb, baxmayaraq ki, onların Fars körfəzində 373 hərbi gəmisi və aviadaşıyıcısı vardı. Ona görə ki, onlar müharibə olacağı təqdirdə ABŞ gəmilərinin batırılacağını anladılar”.