ABŞ niyə Rusiya ərazisinin vurulmasını istəmir?

ABŞ niyə Rusiya ərazisinin vurulmasını istəmir?

F-16 qırıcıların Ukraynaya verilməsi qərarı fonunda Ceyk Sallivan bəyan etdi ki, ABŞ Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verməyəcək.

Hər dəfə Ukraynaya yeni növ silah veriləndə ABŞ tərəfindən bu cür bəyanatları müşahidə edirik və bu bəyanatların verilməsi səbəbsiz deyil. Bəyanat birmənalı olaraq siyasidir və 2 ünvana yönəlib: Rusiya və Qərb.

Rusiya

Rusiyada gecə-gündüz təbliğat aparılır ki, Rusiyaya qarşı NATO vuruşur və əgər Rusiya Ukraynaya hücum etməsəydi, NATO Rusiyaya hücum edəcəkdi. Qərb isə göstərir ki, təcavüz qurbanı olan Ukraynanın müttəfiqidir və o, qurbanı müdafiə etmək və ərazilərini qaytarmaq missiyasını üzərinə götürüb. Bu missiya Ukraynanın əraziləri çərçivəsində aparılır və Qərb Rusiyanın təbliğat tezisləni sarsıtmaq üçün hər dəfə bəyan edir ki, Rusiyanın ərazisinə zərbələr qəbuledilməzdir.

Qərb

Ukraynaya verilən hərbi-iqtisadi yardımlar Qərb vergi ödəyicilərin hesabınadır və amerikalı, avropalı vergi ödəyicisi görməlidir ki, onun pulu təcavüz qurbanının müdafiəsi üçün ayrılır, təcavüz üçün yox. Bu baxımdan “Rusiya ərazisinə zərbə endirməyə imkan verməyəcəyik” bəyanatı öz siyasi təsirini göstərmiş olur.

Texniki detallar

Təbii ki, bu, müharibədir, döyüş meydanıdır və cəbhə xətti olduqca uzundur. Heç kim sərhədləri metrlə ölçmür və biz dəfələrlə Rusiya ərazisinə zərbələri müşahidə etmişik, əsasən də dronlarla. Misal kimi bu yaxınlarda Bryansk səmasında Rusiyanın helikopter və qırıcılarının vurulmasını gördük. “Vaşinqton Post” yazmışdı ki, helikopter və qırıcıları “Patriot” məhv etdi, amma “Vaşiqton Post” rəsmi qurum deyil. Rəsmi Kiyev və rəsmi Vaşiqton isə bu barədə susdu və susacaq. Rəsmi Kiyevin bu mövzuda maksimum “helikopterləri və qırıcıları Rusiyanın öz HHM sistemləri vurub” kimi zarafatcasına verilən bəyanatlarını görə bilərik.

Unutmayaq ki, bu müharibədir, siyasətçilər isə politoloq və ya analitik deyillər. Siyasətçilərin verdiyi hər bir bəyanat siyasi effektin yaradılması üçün verilir. Yəni Ceyk Sallivanın bəyanatının hərfi mənada qiymətləndirilməsi kökündən səhvdir.

Teqlər: