ABŞ Müdafiə Departamenti Azərbaycan sərhədlərinin təhlükəsizliyi üçün 30 milyon dollarlıq avadanlıq verib (FOTO)

ABŞ səfiri Li Litzenberqer Azərbaycan Dövlət Gömrük Komitəsinin
sədrinin müavini Cavad Qasimov və digər gömrük rəsmiləri Astara
sərhəd keçid məntəqəsinə səfər edərək ABŞ-nin Müdafiə Departamenti
tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə verilən avadanlığı
nəzərdən keçiriblər.

Səfirlikdən AzerTimes-a verilən
məlumata görə, sözügedən avadanlıq ABŞ-nin Müdafiə Departamentini
tərəfindən 2019-cu ildə təqdim olunan təhlükəsizlik yardımının bir
hissəsidir. Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını
almaq və quru və dəniz sərhədlərinin təhlükəsizliyinin
gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox
vəsait ayırıb. ABŞ səfirinin Astara sərhəd keçid məntəqəsində
nəzərdən keçirdiyi və dəyəri 30 milyon dollardan çox olan avadanlıq
Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz
malların daşınmasının qarşısının alınmasına təkan verəcək.  

Səfir Litzenberqer səfər zamanı ABŞ-nin Azərbaycanın Dövlət
Gömrük Komitəsi ilə iyirmi illik münasibətlərini qeyd edərək,
kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının
qarşısını almaq üçün etdikləri fəaliyyətlər barədə danışıb. Səfir
Litzenberqer qeyd edib: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə
qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq,
Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin
gücləndirilməsinə öz töhfəsini verəcək.” 

Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan
haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il
ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və
radarlar kimi avadanlıqların istifadəsi nəticəsində Azərbaycan
özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın
silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq
bacarığını inkişaf etdirmişdir.  

DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik
vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid
məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik
vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının
alınmasında oynadığı rolu qeyd edib. Səfir Litzenberqerə Amerikanın
köməyinə görə minnətdarlığını bildirərək o dedi: “Dünyada ABŞ kimi
ikinci tərəfdaş yoxdur; siz bu sahədə aparıcısınız”.

ABŞ-nin Müdafiə Departamenti malların qanunsuz daşınması, insan
alveri, narkotiklərin daşınması və silahların yayılması sahələrində
işlədiyi tərəfdaşların bacarıqlarının inkişafına dəstək verir.
ABŞ-nin Qanunsuz Daşınmalara Qarşı Birgə Mərkəzi və Narkotiklərə
Qarşı Mübarizəyə dair Administrasiyası ABŞ-nin Səfirliyi ilə birgə
çalışaraq Azərbaycana müvafiq sahələrdə apardığı əməliyyatlara
dəstək göstərərək öz sərhədlərini və əhalisini transmilli
təhlükələrdən, mütəşəkkil cinayət və zorakılıqdan qorumağa yardım
edir.    

ABŞ-nin Müdafiə Departamentini 2002-ci ildən bəri Azərbaycanın
Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində
işləyən qurumları ilə fəal şəkildə tərəfdaşlıq edir. 2019-cu ildə
təqdim olunan yardımın bir hissəsi olan avadanlıq Azərbaycanın
cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, habelə Dövlət
Gömrük Komitəsinə Azərbaycana və ya Azərbaycanın ərazisi vasitəsilə
daşınılan qanunsuz narkotiklərin və digər malların qarşısının
alınmasına yardım edəcək.  

Teqlər: