ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı separatizmi təşviq edən yanaşmadır – TƏHLİL

ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi erməni mətbuatına
müsahibəsində reallıqdan uzaq və sərsəm fikir söyləyib. Səfir iddia
edib ki, guya ABŞ Qarabağda yaşayan əhalinin öz gələcəyini
müəyyənetmə hüququnu tanıyır. Görünür, ABŞ səfiri hələ də regionda
baş verən proseslərdən xəbərsizdir və ya bilərəkdən bu cür
ziddiyətli bəyanat verib.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Ceyhun Məmmədov bildirib ki, ümumiyyətlə, ABŞ-ın
Ermənistandakı səfirinin belə bir fikirlə bəyanat səsləndirməsi
anlaşılan deyil və Azərbaycan-Amerika münasibətlərinə töhfə
vermir.

“Azərbaycan dəfələrlə bu barədə öz bəyanatlarını verib.
Azərbaycanın yanaşması ondan ibarət olub ki, beynəlxalq hüquqa
əsasən bu ərazilər Azərbaycan əraziləridir və orada yaşayan
ermənilər də Azərbaycan vətəndaşlarıdır. O baxımdan, belə bir
bəyanatın səsləndirilməsinin heç bir əsası yoxdur və bu,
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına ancaq
və ancaq mənfi təsir göstərir.

Bilirsiniz ki, bu gün Avropa İttifaqının bilavasitə vasitəçiliyi
ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması
istiqamətində işlər gedir, görüşlər keçirilir və Ermənistan da
Azərbaycanın yaratdığı yeni reallıqla barışıb. Ancaq belə
bəyanatlar verməklə və fikirlər irəli sürməklə səfir bu prosesə
töhfə vermir. Ona görə də biz dəfələrlə demişik ki, bu ərazilər
beynəlxalq hüquqa əsasən bizim ərazilərdir. Burada hansısa
xalqların öz müqaddaratını təyin etməsindən söhbət gedə bilməz.

Ona görə də bu bəyanatı səslədirmək, qeyd etdiyimiz kimi, heç
bir hüquqa əsaslanmır. Buna görə də beynəlxalq qurumlar da, xarici
dövlətlər də Azərbaycanın mövqeyini nəzərə almalıdırlar.
Münaqişənin hərbi yolla həlli dedikdə səfir nəyi nəzərdə tutur və
nə demək istəyir? Bu, tamamilə fərqli bir məsələdir. Qeyd etdiyimiz
kimi, bu ərazilər Azərbaycan əraziləridir, buradakı ermənilər də
bizim vətəndaşlardır. Ona görə hesab edirəm ki, bu kimi açıqlamalar
verəndə beynəlxalq qurumlar, ayrı-ayrı ölkələrin səfirləri, rəhbər
şəxsləri diqqətli olmalıdırlar ki, belə anlaşılmazlıq yaratmasın”,
– deyə C.Məmmədov bildirib.

Siyasi şərhçi Elçin Mirzəbəyli isə AzerTimes-a açıqlamasında deyib
ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycan
ərazilərində yaşayan etnik ermənilərin “öz müqəddəratını təyinetmə
hüququ” haqqında iddiaları Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin bütövlüyünün və suveren hüquqlarının şübhə
altına alınması istiqamətində edilən növbəti uğursuz cəhd və
separatizmi, terrorizmi, müharibəni təşviq edən yanaşmadır.

“Təkcə Los-Ancelesin Qlendəyl şəhərində yaşayan ermənilərin sayı
Azərbaycanda, hazırda Rusiya sülhməramlılarının müvəqqəti
müşahidəsi altında olan ərazilərimizdə yaşayan etnik ermənilərdən
çoxdur və ermənilər bu şəhəri “Kiçik Ermənistan” adlandırırlar.
Əgər ermənilərin ikinci dəfə öz müqəddəratlarını təyin etmələrini
istəyirlərsə, buyursunlar, Qlendəyli, yaxud lap elə Los-Ancelesi
ermənilərə versinlər. Başqalarının torpağı üzərindən cəfəng
iddialar irəli sürmək çox asandır”, – deyə E.Mirzəbəyli
bildirib.

Onun sözlərinə görə, Linn Treysi və onun kimi düşünənlər
unutmalı deyillər ki, onların beynəlxalq hüququn norma və
prinsiplərinə zidd açıqlamaları Birləşmiş Ştatların BMT
Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü
öhdəliklərə zidd olmaqla yanaşı, ABŞ-ın maraqlarına da ciddi zərbə
vurur və Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin
tənzimlənməsi prosesində hər hansı bir formada yer almasını istisna
edir.

“Linn Treysi unutmalı deyil ki, onun necə və hansı maraqlardan
çıxış edərək təşviqat aparmasından asılı olmayaraq, Helsinki Yekun
Aktı vahid sənəddir və heç bir halda “xalqların öz müqəddəratını
təyinetmə hüququ” digər prinsiplərdən, o cümlədən, ərazi bütövlüyü
və sərhədlərin toxunulmazlığından üstün tutula bilməz. ABŞ-ın
Ermənistandakı səfiri unutmamalıdır ki, Azərbaycan öz gücü ilə BMT
Təhlükəsizlik Şurasının onun təmsil etdiyi dövlətin də səs verdiyi
qətnamələrinin yerinə yetirilməsinə nail olub. Ermənistanın 30 ilə
yaxın davam edən işğalına son qoyub və Azərbaycan xalqının
iradəsinə zidd olan hər hansı bir mülahizə ölkəmiz üçün qəbul edilə
bilməz”, – deyə E.Mirzəbəyli qeyd edib.

O vurğulayıb ki, Linn Treysinin bu açıqlamasının Türkiyənin
NATO-nun genişləndirilməsi, İsveçrə və Finlandiyanın Şimali
Avratlantika Təşkilatına üzv qəbul edilməsi müstəvisində öz milli
maraqlarından çıxış edərək sərgilədiyi mövqe ilə üst-üstə düşməsi
təsadüfə oxşamır və bir daha Ermənistanın, eləcə də ermənilərin
xarici güclərin əlində ucuz istifadə vasitəsi olduğunu sübuta
yetirir.

“Əks təqdirdə, ABŞ-ın Ermənistandakı səfiri sülh prosesinə maneə
yaratmaq məqsədi daşıyan qıcıqlandırıcı fikirlər səsləndirməz,
əsassız iddia və mülahizələrlə çıxış etməzdi”, – deyə o əlavə
edib.

Teqlər: