Xəbər - Elçin Mehdiyev – Trend:
ABŞ-ın keçirdiyi “Demokratiya sammiti” ikili standartların bariz nümunəsidir. Ermənistan kimi insan hüquqlarının kobud pozulduğu ölkəni “sammitə” dəvət edib, Azərbaycanı, Türkiyəni, Macarstanı kənarda qoymaq bu “sammit”in sadəcə bir təzyiq vasitəsi olduğunu göstərir.
Bununla bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov AzerTimes-a bildirib ki, ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan “Demokratiya Sammiti”nə Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələrin çağrılmaması olduqca gülünc bir mənzərədir.
“Çünki dəvət alan ölkələrin əksəriyyəti ilə müqayisədə bu ölkələrdə demoktarik münasibətlər daha yüksək səviyyədədir. Əvvəla onu qeyd edim ki, ABŞ-ın təşəbbüsü ilə “Demokratiya Sammiti”nin təşkil olunmasının özü sanki absurd bir məsələdir. Elə bil sammiti təşkil etməklə ABŞ özünü demokratiyanın himayədarı kimi dünyaya göstərmək istəyir. Guya bütün dünya ölkələri yox, məhz ABŞ demokratiyanın keşiyini çəkir. Halbuki, biz prezident seçkilərində Co Baydenin hansı oyunlarla Trampı üstələdiyinin şahidi olduq. Hələ də ictimai rəy sorğusunda Amerika sakinləri Co Baydenin yox, Trampın seçilməli olduğu qeyd edirlər. Hələ də Donald Tramp öz çıxışlarında Baydenin nəticələrini tanımadığını bildirir. Bəs demokratiya harada qaldı? İndi artıq hər kəsə məlumdur ki, ABŞ-ın demokratiyası ancaq güc üstündə qurulub və demokratiya bu ölkə üçün qoruyucu maska rolunu oynayır. Digər tərəfdən isə illər onu göstərdi ki, ABŞ-dakı “demokratiya”nın əsasında məhz işğalçılıq durur. Orta Asiyanın, Şimali Afrikanın və s. regionların bu gün viran qalmasının əsas səbəbi elə ABŞ demokratiyasına inanmaq olub. Bu regionlar illər keçməsinə baxmayaraq, hələ də xaos yuvasıdır. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar, layihələr bütün hallarda demokratik prinsiplər əsasında formalaşır. Ona görə də ikili standartlarla bizim demokratiyamıza kimlərinsə qiymət verməsinin önəmi yoxdur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdi ki, ölkənin tutduğu yol, həyata keçirilən islahatlar xalqın iradəsini əks etdirir. Bu baxımdan, ABŞ-ın dünya demokratiyasına qiymət verməsi, hələ üstəlik bu gün regionda söz sahibinə çevrilən Azərbaycan kimi bir ölkəni siyahıdan kənarda qoyması görünür yenə də əvvəlki kimi hansısa üstüörtülü məqamlardan xəbər verir” – deyə, o bildirib.
Politoloq Şəbnəm Həsənova isə deyib ki, ABŞ-da artan demokratik problemlərin fonunda ABŞ demokratiyasını “canlandırmaq” cəhdi ilə çağırılan “Demokratiya Sammiti” böyük ironiyadır, çünki onun məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir, bu, bir növ “parçala, hökmranlıq et” siyasətindən xəbər verir.
“Dünya aydın gördü ki, ABŞ-ın son illərdə Suriyanı, Yəməni, İraqı, Liviyanı, Yaxın Şərqin başqa müsəlman ölkələrini demokratiyaya “qərq etmək” niyyəti qanla, fəlakətlə nəticələndi. Bu sammit demokratiyaların beynəlxalq məsələlərə yanaşma tərzində iqtisadi və təhlükəsizlik maraqları ilə yanaşı, insan ləyaqəti və azadlığı ilə bağlı dərindən qorunan dəyərlərin də yer aldığına, həm də qlobal ictimai rifahla bağlı məsələlərə dair də güclü bir mesaj göndərə bilərdi. O zaman sual olunur: Sammitin keçirilməsi, demokratik dəyərələrin təşviqidir, ya oturuşmuş rəqiblərə siqnal göndərmək üçün vacibdir? Demokratiya sammitinin siyahısı ABŞ administrasiyasının illustrativ seçim menyusudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu sammitə dəvət alması fonunda, Macarıstanın, sizin demokratiya kriteriyanızdan kənara çıxaraq itaətkar, sorğu-sualsız boyun əymədən siyasət yürüdən Azərbaycanın və Türkiyənin dəvət almaması sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi haqqında aydın təsəvvür yaradır” – deyə, politoloq bildirib.