ABŞ Ermənistanı məyus etdi – Diaspor təşkilatları artıq geosiyasi təzyiq aləti kimi əhəmiyyətini itirir

Bayden Administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə
ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları
ayırmağa çağırıb. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl
Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən
məbləğdən 21 milyon dollar azdır. Bayden Adminstrasiyasının 2023-cü
il üçün Ermənistana 24 milyon ABŞ dolları ayrılması ilə bağlı
Konqresə çağırış etməsinin çoxsaylı səbəbləri var. Əsas səbəb
Ermənistanın dünyada baş verən hadisələrin fonunda öz antihumanist
mahiyyətinin daha qabarıq olması, bunun Cənubi Qafqaz, postsovet
məkanı və bütövlükdə dünya üçün həyati əhəmiyyət kəsb edən sülh və
təhlükəsizlik məsələlərinə heç bir töhfə verməməsi, müstəqil
hüququn subyekti kimi deyil, forpost kimi davranmasıdır.

Bunu AzerTimes-ın sualına cavabında siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

Onun sözlərinə görə, başqa bir səbəb Amerika Erməniləri Milli
Komitəsi (ANCA) də daxil olmaqla, erməni diaspor təşkilatlarının
artıq geosiyasi təzyiq aləti kimi öz əhəmiyyətini itirməsidir.
Görünən reallıq da Bayden Administrasiyasının bu qərarının heç bir
təsir gücünə malik olmadığını sübuta yetirib. Nəticə etibarilə
erməni təşkilatlarını istifadə alətinə çevirən və onları ümumi
maraqlar ətrafında birləşdirən əsas amil də sıradan çıxıb.

“Digər önəmli, həlledici səbəb isə Azərbaycanın qələbəsi ilə
nəticələnən 44 günlük müharibədən sonra ortalığa çıxan reallıqlar,
həm Azərbaycanın, həm də Türkiyənin regionda və dünyada baş verən
proseslərdə tənzimləyici rola malik olmaları, qlobal
məsuliyyətlərini dərk edən ölkələr kimi davranmaları, öz
öhdəliklərinə sadiq qalmaları və şübhəsiz ki, Ermənistandan fərqli
olaraq, sülhə, təhlükəzliyiə töhfə vermələridir. Azərbaycanın
bölgədə davamlı sülhün əldə olunması üçün atdığı addımlar,
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində
rəsmi Ankaranın nümayiş etdirdiyi humanist mövqe də Vaşinqtonun
İrəvana münasibətdə daha soyuq davranmasına zəmin yarada bilər.
Bununla yanaşı, Ermənistanda açılan çoxsaylı cinayət işlərindən də
bəlli olduğu kimi, bu ölkəyə uzun illər boyu ABŞ və digər ölkələr
tərəfindən ayrılan yardımlar mənimsənilib və ANCA kimi təşkilatlar
da bu məsələlərdə Ermənistana uzun illər rəhbərlik etmiş müharibə
cinayətkarları ilə əlbir olublar.

ANCA-nın Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100
mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ
ermənilərinə 50 milyon dollar yardım ayırmasını istəməsi də
ortalıqda mənimsəmə niyyətinin olduğunu sübuta yetirir. Çünki ABŞ
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, uzun illər boyu
artıq başa çatmış münaqişənin tənzimlənməsi ilə məşğul olub və
Vaşintonda hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət
zonasına daxil olan Azərbaycan ərazisində nə qədər etnik erməninin
yaşadığını yaxşı bilirlər. Eyni zamanda, Ermənistana köçən
ermənilərin sayı da Birləşmiş Ştatlara yaxşı bəllidir. Görünür,
artıq Vaşinqton da ermənilərin saxta göz yaşlarına inanmır”, – deyə
ekspert qeyd edib.

Teqlər: