ABŞ bu ölkəni Ukrayna atəşinin içinə atır – Ağar

ABŞ bu ölkəni Ukrayna atəşinin içinə atır – Ağar

Ukraynaya tankların verilməsi məsələsi ötən həftə “Ramşteyn” toplantısında əsas gündəm mövzusu oldu. Qarşıdan Ukraynada palçıqlı relyef şəraitinin üstünlük təşkil edəcəyi günlər gəlir və Rusiyanın yüzlərlə tankla böyük hücuma keçəcəyi gözlənilir. İndiyədək verilmiş ZMA, ZPT və MRAP-lar (zirehli və piyadaların döyüş maşınları) isə tankları əvəz edə bilmir.

Bu sözləri AzerTimes-a ABŞ və Almaniyanın Ukraynaya “Abrams” və “Leopard” tanklarını göndərməsi məsələsində yaşanan gecikmələrin səbəbləri haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert Ukraynada yaz fəslində gözlənilən palçıqlı relyef şəraiti üçün Almaniyanın “Leopard” tanklarının daha əlverişli olduğunu bildirib:

“Zelenski də öz açıqlamasında üç yüz tanka ehtiyacın olduğunu bildirib, lakin bu rəqəmin altı yüz olduğunu deyənlər də var. Tankların tədarük edilməsində gözlər əsasən müharibənin baş sponsoru ABŞ-a yönəlib. Amma ABŞ-ın da öz siyasi hesabları var. Hazırda müharibədə Ukraynanın ehtiyacını qarşılaya biləcək tanklar Almaniyanın “Leopard”, ABŞ-ın “Abrams”, İngiltərənin “Çallenger” və Fransanın “Leclerc” tanklarıdır. Bəhs etdiklərimiz içərisində ABŞ və Almaniyanın tankları Ukraynadakı müharibə şəraitinə daha uyğun olduğu üçün təşəbbüs də daha çox bu ölkələrin əlindədir. “Leopard”lar tədarük, məsafə, hərəkət qabiliyyəti, texniki xidmət, təlim və digər məsələlər üçün daha əlverişlidir. Qaz turbin mühərriki və ya benzin mühərrikləri, bəzi modellərdə isə reaktiv yanacaq ilə işləyən “Çallenger”dən fərqli olaraq, “Leopard”lar Ukraynada mövcud olan əksər hərbi texnikalar kimi dizel yanacağı ilə hərəkət edə bilir. Hazırda dünyada iki min yeddi yüzə yaxın “Leopard” tankının olduğu bildirilir və onların üçdə ikisi Avropadadır. İndi Almaniyanın silah, zirehli döyüş texnikası və avtomobil istehsal edən “Rheinmetall” şirkətinin anbarlarında yararsız vəziyyətdə olan səksən səkkiz ədəd “Leopard-1” və iyirmi iki ədəd “Leopard-2” var. Bunların sıfırdan təmiri üçün yeddi-səkkiz ay və külli miqdarda vəsait lazımdır”.

Ağar hazırda ABŞ və Almaniya arasında tankların göndərilməsi məsələsində ziddiyyətlərin olduğunu vurğulayıb:

“Digər tərəfdən isə Almaniyada qəbul olunan satış proseduruna görə, “Leopard”ların ixrac edildiyi ölkələrin onları başqalarına verməsi üçün də rəsmi Berlinin icazəsi lazımdır. “Ramşteyn” toplantısında lisenziya və ixraca icazə verilməsi ilə bağlı üzərinə öhdəlik götürmək istəməyən Almaniya böyük təzyiqlərlə üzləşdi. Ona görə, ölkənin xarici işlər naziri Annalena Berbok icazə istəyəcəkləri təqdirdə Polşanın Ukraynaya “Leopard”ları göndərməsinə razılıq verəcəklərini bildirdi. Qısaca, Almaniya ABŞ-ın “sən əlindəkini ver, təzəsini gəl məndən götür” vədinə inanmır. Rəsmi Berlin Vaşinqtonun onu özündən qabaq Ukraynadakı atəşin içinə atmaq niyyətini anlayır və bu tələyə düşmək istəmir, ilk addımını müttəfiqinin atmasını gözləyir”.

Teqlər: