ABŞ 4 vilayəti Rusiya üçün tələyə çevirdi – Ağar

ABŞ 4 vilayəti Rusiya üçün tələyə çevirdi – Ağar

Bir müddət öncə ABŞ-ın Hudson İnstitunun müharibə ilə bağlı yayımladığı bir analizdə “Kiçik müharibələrin böyük müharibələrə, böyük müharibələrin isə nüvə müharibələrinə gətirib çıxardığı” qeyd olunub. Eyni zamanda analizdə ABŞ-ın soyuq müharibədən bəri ən böyük müharibədən çəkindirmə uğursuzluğundan dərs götürməsindən və Ukraynanı silahlandırılmasının vacibliyindən danışılıb. Əsas sual isə müharibənin necə nəticələnəcəyi ilə bağlıdır.

Bu sözləri AzerTimes-a Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert müharibənin bitməsi üçün lazım olan şərtlərin hələ ki, döyüş meydanında üzə çıxmadığını qeyd edib:

“Müharibə tərəflərdən birinin məğlubiyyəti qəbul etməsi, döyüş meydanında dalana dirənmə, yaxud vəziyyəti manipulyasiya edən güclülər üçün risklərin artması, onu dayandırmaq üçün kənardan müdaxilə və ya geosiya və siyasi nəticələrinin ortaya çıxması və artıq hərbi əməliyyatlara ehtiyacın qalmaması halında dayana bilər. Lakin Ukrayna müharibəsində sadaladığımız nəticələrin heç biri hələ üzə çıxmayıb. Ukraynanın müharibənin dalana dirəndiyi haqqında qurduğu cümlələr də son ABŞ səfəri və Vaşinqtonun verdiyi vədlərlə birlikdə aradan qalxdı. Müharibənin artıq Qərbi təhdid edəcək və qeyri-sabitliyə sürükləyəcək şəkildə Baltikyanı bölgəyə, Balkan yarımadasına və Şərqi Avropa kimi genişlənməsi, kimyəvi, radioloji, bioloji və nüvə silahlarının istifadə edildiyi formalara keçməsi kimi risklərin qarşısı da HİMARS kompleksləri ilə alındı. Rusiya bütün bunları ən azından indiki şərtlərdə qəbul etmiş kimi görünür”.

Ağar Qərbin öz hədəflərinə çatmaq üçün Rusiyanın başını qatdığını, Rusiyanın isə resurslarına güvənərək müharibəyə davam edəcəyini qeyd edib:

“Yaşadığı bütün uğursuzluqlara rəğmən müharibədən əvvəlki hədəflərin sərhədlərini keçib dörd vilayəti işğal edən Rusiya Ukraynanın bunu qəbul etməsini ilkin şərt kimi irəli sürüb müzakirə haqqında danışsa da, artıq əsas problem üzləşdiyi risklərdir. Sözügedən vilayətlərin işğalı böyük bir qələbə kimi qələmə verilsə də, hazırda bura Rusiya üçün içindən çıxmağın çox çətin olduğu bir quyudur. Qərb bu quyuda Rusiyanın başını qataraq öz geosiyasi hədəflərinə çatmağa çalışır. Fikrimcə, özünün enerji resurslarına güvənən Rusiya gec-tez öz hədəflərini və uğurlarını Qərbə qəbul etdirəcəyini düşünərək müharibəyə davam edəcək”.

Mütəxəssisin sözlərinə görə, müharibə generalları yaz üçün çox aktiv şəkildə kəşfiyyat, planlaşdırma və hazırlıq aparırlar:

“Hər iki tərəf düşmənini təəccübləndirmək və aldatmaq üçün müharibə şahmatını ən yaxşı şəkildə oynamağa çalışır. Tərəflər yara almış ünsürləri yenidən ayağa qaldırmağa çalışır, cəbhəyə silah-sursat, zirehli texnika, əsgər və hərbi təczihat üçün önəmli olan vasitələri yığır. Bir neçə gün öncə Makayevkada vurulan bina rusların xüsusi əhəmiyyətli toplanma yeri idi. Artıq Ukraynaya Qərb istehsalı olan “Patriot” kimi HHM sistemləri yerinə hücum məqsədli zirehli texnikaların göndərilməsi müzakirə olunur. İngiltərə “Challenger” tanklarını, Fransa “AMX-10RC” zirehli kəşfiyyat texnikalarını, ABŞ “Bradley”, Almaniya isə “Marder” zirehli döyüş texnikalarını Ukraynaya göndərməkdən danışır. Burada əsas meyar kimi həm rəsmi Kiyevin ehtiyacları, həm də ölkənin relyef şərtləri götürülür. Dnepr çayının hücum edən tərəf üçün təbii əngələ çevrildiyi bir vaxtda lazım olan manevrləri etmək üçün Ukrayna ordusunun sadaladığımız zirehli texkinalara çox ehtiyacı olacaq. Digər tərəfdən Ukrayna ordusu on minlərlə əsgərini arxa cəbhədə və Qərb ölkələrində daha mürəkkəb müharibə və sistemlər üçün hazırlayır. Eyni təlimlər Rusiya üçün də keçərlidir. Ümumiyyətlə isə bu müharibə ABŞ-ın istədiyi qədər davam edəcək”.

Teqlər: