ABŞ-ın müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil. Respublikaçı konqresmenlər hazırki Prezident Co Baydeni Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirir və Pekinlə yumşaq davrandığını düşünür. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.
“2024-cü ildə ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri Çin lideri Si Szinpinin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacağını düşünür. ABŞ-da prezident kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni prezidenti işə başlayana qədərsə Pekin Tayvanla bağlı qəti addımlar atacaq”, – politoloq bildirib.
O vurğulayıb ki, çinli ekspertlər müharibə ssenarilərinə Çinin ingilisdilli “Qlobal Tayms” nəşri vasitəsilə cavab veriblər:
“Çinli ekspertlər Vaşintondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlamaq haqqında Vaşintonda səslənən fikirləri qəti şəkildə rədd edib.
Vaşinqtonda və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da narahatlıq artıb. Həmçinin, Yaponiyanın Baş naziri Fumio Kişido NATO Baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlığında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını dilə gətirib. NATO baş katibi də Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.
Fərqli düşünənlər də var. Misal üçün Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Putinin nüvə silahından istifadə edəcəyi halda Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək”.