Abbas Lisani sürgün qərarına boyun əyməyərək Ərdəbilə qayıtdı

Abbas Lisani sürgün qərarına boyun əyməyərək Ərdəbilə qayıtdı

Güneyli milli fəal Abbas Lisani sürgünə məhkum edilməklə bağlı qərara boyun əyməyərək Ərdəbilə qayıdıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Milli Hərəkat üzvləri onu təntənəli şəkildə qarşılayıblar.

Qeyd edək ki, ərdəbilli siyasi fəal, şair və yazıçı Abbas Lisani, İrandakı türklər arasında kimlik hərəkatlarının fəallarından, eyni zamanda rejimə və zorakılığa qarşı hərəkatların öncüllərindəndir.

O, son 20 ildə fəaliyyətinə görə dəfələrlə həbs olunub. Sonuncu dəfə isə 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Fevralın 21-də Ərdəbil Mərkəzi Həbsxanasından azad edilən Abbas Lisaninin sürgün cəzası İranın mərkəzi əyalətlərindən biri olan Yəzd vilayətinə təyin edilib.

Yəzd məhkəməsində tanınmış azərbaycanlı fəala hər gün həmin şəhərin kəşfiyyat idarəsinə gedib barmaq izi verməsi şərti qoyulub. Ancaq milli fəal ailəsi ilə söhbətində Yəzd şəhərinə sürgün cəzasına tabe olmayacağını bildirib.

Teqlər: