ABADA ağırtonnajlı yük maşınlarının Bakıda törətdiyi təxribat xarakterli hərəkətləri pisləyir

Xəbər - Sədrəddin Ağacanov – Trend:

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası
(ABADA) 17.02.2022-ci tarixində “R Group Azerbaijan” MMC-yə məxsus
ağırtonnajlı yük maşınlarının Bakı şəhəri Heydər Əliyev
prospektində törətdiyi təxribat xarakterli hərəkətləri
pisləyir.

Bu barədə qurumdan AzerTimes-a daxil olan məlumatda deyilir.

Assosiasiya daşıyıcı şirkətin addımını ictimai asayişi pozmağa
cəhd kimi qiymətləndirib: “Bu hərəkəti birliyimizin də işgüzar
nüfuzuna xələl gətirən addım hesab edirik. Qeyd etmək istəyirik ki,
“R Group Azerbaijan” MMC-nin təmsilçisi olan Cəfərov Rəmiş Zəkrəm
oğlunun dövlət orqanının işinə qeyri-qanuni maneələr yaratması ilk
belə hal deyil. “R Group Azerbaijan” şirkəti beynləxalq
yükdaşımalarla məşğul olduğu dövrdə dəfələrlə beynəlxalq daşıma
qaydalarını pozmuş, şirkətin qanunsuz hərəkətləri ilə bağlı xarici
ölkələrin aidiyyəti qurumlarından Azərbaycan tərəfinə çoxsaylı
şikayət və cərimələr daxil olub”.

ABADA-nın vəzifəsi daşıyıcıların birliyi olaraq, bu sahədə
çalışan bütün şirkət və sürücülərin hüquqlarının qorunması, onların
qarşılaşdığı problemlərin həllində vasitəçi olmaqdır. Eyni zamanda,
İB Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsinin inkişafı üçün
xidmətlər göstərir: ““R Group Azerbaijan” MMC-nin sadalanan
hüquqazidd əməlləri ilə bağlı ABADA-nın idarə heyyəti tərəfindən
iradlar bildirilib, MMC rəhbərliyi ilə dəfələrlə profilaktik
söhbətlər aparılıb, problem və qayğıları ilə maraqlanılıb.

Bütün bunlara baxmayaraq, ötən müddət ərzində Cəfərov Rəmiş
Zəkrəm oğlunun təmsilçisi olduğu “R Group Azerbaijan” MMC-nin
isitfadəsində olan nəqliyyat vasitələri ilə bir neçə dəfə oxşar
əməllərə yenidən cəhd edib.

İctimai asayişi pozduğu, dövlət orqanının normal iş fəaliyyətinə
çətinliklər yaratdığı üçün bir neçə dəfə inzibati formada
xəbərdarlıq edilib.

Törətdiyi hüquqazidd hərəkətlərə görə, onun barəsində görülən
inzibati təmbeh tədbirlərinə məhəl qoymayan R.Cəfərov əməllərinə
yenidən davam edib. Bu ilin yanvarında məhkəmənin qərarı ilə onun
barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.
Adıçəkilən şirkət və onun rəsmisinin “İcazə” blankları ilə bağlı
ittihamları isə əsassızdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
ilə ABADA arasında imzalanan memorandumdan irəli gələrək avtomobil
nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan
“İcazə blankları”nın bölgüsünü ABADA-nın nəzdində xüsusi komissiya
icra edir. Atılan bu addımın əsas məqsəd şəffaf və ədalətli
bölgünün aparılması, bazarda rəqabətli mühitin yaradılmasıdır. “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq bu
memorandumdan irəli gələn bütün addımlar atılıb.

Daşıyıcılar-sahibkarlar arasında bölgü prosesinin icrası zamanı
dövlət qurumunun nəzarəti ilə yanaşı, daşıyıcıların və müstəqil
ekspertin də prosesə nəzarət və müdaxilə səlahiyyəti var. Bu qərar
dövlət qurumunun lokal heyəti ilə icra edilmir. Dövlət ilə
sahibkarların bir-birini yaxından anlamaları, problemlərin həllində
birgə iştirak, təşəbbüslərin və təkliflərin ötürülməsində birbaşa
kommunikasiyanın qurulması baxımından bu memorandum digər
əməkdaşlıq sahələri üçün də baza rolunu oynayır.
Sadalanan faktlara əsaslanaraq, “R Group Azerbaijan” MMC ABADA-nın
Nizamnaməsini kobud şəkildə pozmasına, Birliyin işgüzar nüfuzuna
xələl gətirən hərəkətlərə yol verməsinə, yalan məlumatlar
yayılmasına görə 10 yanvar 2022-ci il tarixində “R Group
Azerbaijan” şirkəti nizamnamənin tələbləri əsasında ABADA
üzvlüyündən çıxarılıb”.

Qeyd edək ki, ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq
bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan
Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi
şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq
Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə
ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük
Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. Birlik
Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq
daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik
yeganə assosiasiyasıdır.

Teqlər: