AB Qarabağa girməyə çalışır – Məkrli plan

AB Qarabağa girməyə çalışır – Məkrli plan

AB-nin əsas məqsədlərindən biri Cənubi Qafqazda həmişəlik yerləşməkdir. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq öz ərazisinə heç kimi buraxmadı. AB-nin planı isə missiya göndərmək və s. yollarla Ermənistanın Qarabağda daha da möhkəmlənməsi üçün onun şərti sərhəddə yükünü azaltmaq idi. Yəni yaxın gələcəkdə Rusiyanın Ukraynadakı məğlubiyyət və məcburi Qarabağdan çıxma ehtimalı üzərindən Ermənistan və maşalıq etdiyi AB Azərbaycan ərazisində yerləşmək üçün özlərinə zəmin hazırlamaq niyyətindədir.

Bu sözləri AzerTimes-a separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat və Ermənistan ordusunun dövlət sərhədini atəşə tutmasının səbəbləri haqqında danışan siyahi şərhçi Elşən Məcidov deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin ekofəalların Laçın dəhlizində davam edən aksiyası ilə bu planı pozduğunu və törədilən təxribatların təsadüf olmadığını qeyd edib:

“Xatırlatmaq istəyirəm ki, Fransa Senatının ölkəmiz əleyhinə qəbul etdiyi qətnamələrdə də Xankəndidə humanitar ofisin açılması məsələsi var. Lakin Azərbaycan dövləti qabaqcadan bu hiyləgər planı gördü və ekofəallarımızın artıq 86 gündür ki, davam edən aksiyası ilə onu pozdu.

Ekofəalların aksiyası Laçın dəhlizi ilə silah-sursat göndərilməsinin qarşısını aldı. Ona görə də separatçılara silah göndərmək üçün dolayı yollardan istifadə etməyə başladılar. Baş verən təxribatların heç biri təsadüf deyil. 20 fevralda AB missiyası Ermənistana gəldi və cəmi iki gün sonra mövqelərimiz atəşə tutuldu. 24 fevralda Paşinyan Quttereşlə telefon danışığı apardı, beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə göndərilməsini istəyir. Baxın, 5 martda Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni təxribatı oldu, 6 marta keçən gecə isə Qarabağdakı mövqelərimiz, eyni zamanda dövlət sərhədi atəşə tutuldu. Ermənistan XİN yenə də faktaraşdırıcı missiyadan bəhs etdi. Atəşə tutulan rayonlarımız da təsadüfi seçilməyib. Kəlbəcər və Laçından Ermənistanı Qarabağa bağlayan yollar keçir. Şuşa isə onların nəzərində “artsax”ın tərkib hissəsi olmalıdır. ABŞ və Fransa səfirləri bugünədək bir dəfə də olsun, Şuşaya getməyiblər. Separatçılar Azərbaycan ilə Rusiya arasında vəziyyət gərginləşsin deyə, rus sülhməramlıların da xəsarət alma ehtimalının yüksək olduğu yerlərdə təxribat törədirlər. Ermənistan dövlət sərhədində təxribat törətdiyi zaman isə AB missiyası vəziyyətin qeyri-sabit olduğu haqqında təşkilata dərhal xəbər ötürür”.

Teqlər: