AB nümayəndələri Bakıya niyə gəlir? – Ekspert

AB nümayəndələri Bakıya niyə gəlir? – Ekspert

Fikrimcə, AB xüsusilə Brüssel görüşündən sonra Cənubi Qafqazda nüfuzunu itirdiyini düşünür. Çünki gözləntilər böyük idi. Amma atılan yanlış addımlara görə təşkilatın Azərbaycanla münasibətləri gərginləşdi.

Bu sözləri AzerTimes-a Avropa Birliyi Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfərinin səbəb və məqsədləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi AB-nin bu səfərlə yenidən əlaqələri normallaşdırmaq istədiyini qeyd edib:

“Dövlətimiz haqlı şəkildə son addımlarına görə AB-ni Ermənistanı təktərəfli şəkildə dəstəkləməkdə və silahlandırmaqda ittiham etdi. Bununla bağlı Azərbaycanın rəsmi mövqeyi ortaya qoyuldu. Digər tərəfdən Ermənistan təşkilatın təhlükəsizlik çətiri altına girmək üçün konkret təklif və addımların atılacağını, eyni zamanda AB ilə birlikdə hansısa hərbi, siyasi və iqtisadi ittifaqa daxil olacağını düşünürdü. Rəsmi İrəvan ilkin olaraq bir əməkdaşlıq formatının başlayacağına ümid edirdi. Ancaq ümidləri özünü doğrultmadı. Paşinyana müxalif olanlar da Ermənistanın Rusiya ilə əlaqələrin soyudulmasından, gərginləşdirilməsindən heç nə əldə etmədiyini dilə gətirdi. Eyni zamanda son dövrdə Gürcüstanda Rusiyanın mövqeləri güclənməkdədir. Yeni hakimiyyət isə açıq şəkildə AB-ni tənqid etdi və Çini prioritet olaraq gördüyünü ifadə etdi. Əslində Çini prioritet olaraq görmək həm də Rusiya ilə əlaqələrə prioritet kimi baxıldığı mənasına gəlir. Bütün bunlar fonunda AB nümayəndələrinin Cənubi Qafqaza səfərinin münasibətləri düzəltmək məqsədi daşıdığını düşünürəm. Onlar Ermənistandakı AB missiyası ilə yerində görüşəcək və əhaliyə heç bir yerə getmədikləri mesajını verəcəklər. Bununla bərabər onlar Azərbaycanla münasibətləri normallaşdırmağa, Gürcüstanı isə Rusiyadan uzaqlaşdırıb özlərinə cəlb etməyə çalışacaqlar”.

Qeyd edək ki, dünən AB Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb. Onlar ilk Ermənistana səfər ediblər.

Teqlər: