Türkiyənin Avropa Birliyinə (AB) üzv olmaq üzrə strateji baxışı qüvvədə qalır, lakin AB-nin belə bir dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyə öz gələcəyini Avropada görməkdə davam edir. Prezidentimizin əvvəllər də təsdiq etdiyi kimi, Ankaranın AB-yə daxil olmaq ilə bağlı strateji baxışı dəyişməyib. Avropa Birliyinin ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, amma AB ilə münasibətlərin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır. Bu, həmişə bizim xeyrimizə olmur.
Danışıqlar prosesinin aparılması üçün əsas AB ölkələrinin siyasi iradəsi lazımdır. İradə 2004 və 2005-ci illərdə olub, lakin sonra eroziyaya məruz qalıb, yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə verib”, – Fidan bildirib.