AB-nin bu ölkə ilə də mübarizəyə başlayır

AB-nin bu ölkə ilə də mübarizəyə başlayır

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrell Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrell rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. Ancaq Borrell yalnız Rusiya ilə kifayətlənmir. O, son çıxışlarının birində AB ölkələrini Çinlə mübarizəyə də səsləyib.

AzerTimes xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.

Qeyd olunub ki, Borrell Çinin dünyada artan gücündən narahatdır. Ona görə də avropalı baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir:

“Borrell bütün bu fikirlərini “Faynənşl Tayms” qəzetində yayımlanıb. Borrell ayrıca, mövzu ilə bağlı AB-yə üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Borrell həmin məktubda yazıb ki, AB ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar. Borrell Çinin siyasətindən niyə narahatdır?

Birincisi, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.

İkincisi, Borrell hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün heç nə etməyib, halbuki buna cəhd edə bilərdi.

Hadisələrin bu istiqamətdə gedidaşı Pekini narahat edir. Çin ABŞ-la siyasi və təhlükəsizlik sahəsində rəqabət aparır. Ancaq Pekin eyni rəqabəti Avropa ölkələri ilə aparmaq istəmir. Çinin xarici işlər naziri Tsin Qan Avropa ölkələrinə səfəri zamanı münasibətləri gərginləşdirməməyə və Brüsseli Amerikanın yolu ilə getməməyə çağırıb. Tsin Qan hesab edir ki, Vaşinqton qəsdən Avropa ilə Çin arasındakı münasibətləri gərginləşdirir. Buna baxmayaraq, Çinin artan gücü onu istər-istəməz Avropa ilə də üz-üzə qoyur”.

Təhlildə Çinin daha bir ölkə ilə münasibətlərinin gərginləşdiyi də xatırladılıb. Belə ki, Kanada hökuməti Çinin Toronto şəhərindəki konsulluğunda çinli diplomatı ölkədən çıxardıqdan sonra eyni addımı Pekin atıb. Kanadanın Şanxay şəhərindəki konsulu persona non-qrata elan edib:

“Kanada hökumətinin ölkədən çıxardığı çinli diplomat Kanada parlamentinin Çin mənşəli deputatını şantaj edirmiş. Kanadanın “Globe and Mail” dərgisində şantajın mahiyyəti yazılıb. Kanadanın Çin mənşəli deputatı Maykl Çoxqun yaxın qohumları Honkonqda yaşayır. O isə Çinin insan haqları siyasətini tənqid edir. Çinli diplomat deputata xatırladıb ki, Pekinə qarşı tənqidlərini davam etdirsə, Honkonqdakı qohumları üçün pis olacaq. Pekin ABŞ və Kanada ilə münasibətlərin gərginlşməsini istəməsə də, bu qalmaqallar normallaşma prosesinə mane olur”.

Teqlər: