AB Ermənistanı sürətlə üzvlüyə cəlb etsə… – Mehmet Akif

AB Ermənistanı sürətlə üzvlüyə cəlb etsə… – Mehmet Akif

Ermənistanın AB-yə üzvlüyünə çox konkret maneələr var.

Bu sözləri AzerTimes-a AB-nin Ermənistanın təşkilata üzvlük məsələsi ilə bağlı fəaliyyətini aktivləşdirməsi haqqında danışan Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib.

Professor təşkilatın regionda qüvvələr balansını nəzərə almadan Ermənistanı özünə çəkmək fəaliyyətinin doğuracağı ağır nəticələrdən bəhs edib:

“AB-nin qanunlarına görə, sərhəd problemləri yaşayan bir ölkənin üzv kimi təşkilata qəbulu mümkün deyil. Ancaq AB bu prosesə rəğmən, Cənubi Qafqazda Qərb ittifaqına geosiyasi nüfuz qazandırmaq məqsədilə Ermənistanın üzvlüyü məsələsində sürətli addımlar atsa, çox mənfi nəticələrlə qarşılaşacaq. Digər tərəfdən, ölkədə kəskin bir bölünmə var. AB-yə üzvlük prosesi bu qütbləşməni daxili toqquşmalara çevirə bilər. Ukrayna və Gürcüstanda olduğu kimi, daxildə toqquşan tərəflərin xaricdən dəstəklənməsi genişmiqyaslı qeyri-sabitliyə gətirib çıxarar. Bununla yanaşı Ermənistanı olduğundan daha güclü hiss etdirəcək bir dəstək proqramı İrəvanın sövdələşmə şərtlərini yüksəldərək, Azərbaycanla oturduğu sülh masasını işləməz hala gətirər. Əgər bu gerçəkləşsə, yenə ən böyük zərəri Ermənistan görəcək. Sadaladığımız səbəblərə görə, Ermənistan-AB əlaqələrinin ölkənin daxili tarazlığı ilə bərabər regional tarazlığı saxlayan, sülhə töhfə verəcək bir proqram üzrə inkişaf etdirilməsi təşkilatın uzunmüddətli mənfəətləri baxımından da ən uyğun yoldur. Əks təqdirdə AB çətin toqquşmaların tərəfinə çevrilə, güc və nüfuz itirmə riski ilə qarşılaşa bilər”.

Teqlər: