Daşkəsəndə uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf”
İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin
dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə
aksiyası keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən və
“Sağlam gələcək” devizi altında təşkil olunan aksiyada rayonun
Quşçu, Çovdar, Çaykənd, Şadax və digər kəndlərinin azyaşlı
sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi
xidmətlərdən yararlanıblar. Cərrahiyə, pediatriya, terapiya,
endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya,
həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim
heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik
xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı,
instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator
müayinələrdən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman
preparatları ilə təmin olunublar.

Aksiyanın ilk günündə Daşkəsən rayonu ərazisində yaşayan şəhid
ailələrinin üzvləri də müayinə prosesinə cəlb edilib. Düşərgədə
körpələr üçün nağıl qəhrəmanları və cizgi film personajlarını
canlandıran animatorlar tərəfindən əyləncəli oyunlar təşkil edilib,
azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə
olunub. Layihə çərçivəsində, ümumilikdə 600 nəfərdən çox sakin
müayinədən keçirilib.

Sosial aksiya “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi bölgədə
yaşayan ailələrin qayğı ilə əhatələnməsi, uşaqlarda xəstəliklərin
vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik
müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliği məqsədi
daşıyır.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası sözügedən qurumlar
tərəfindən Daşkəsən rayonunda ikinci dəfədir həyata keçirilir. Ötən
il birgə təşkil edilən aksiya 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə
həsr edilmiş və 3 gün davam edən layihə çərçivəsində bütün yaş
qrupları üzrə 450 nəfərdən çox Daşkəsən rayonu sakininə ambulator
müalicə-profilaktik xidmətlər göstərilmişdir.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin
yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf
mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın
təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən
faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan
həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə
əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli
dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Teqlər: