8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı 17 min 267 şəxsə şamil olunub (FOTO)

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi
haqqında” 2021-ci il 5 noyabr tarixli Qərarın icrası başa
çatıb.

Trend xəbər verir ki, amnistiya aktının icrasının yekunlarına
dair dövlət orqanlarından daxil olmuş məlumatların təhlili
nəticəsində həmin aktın 17 min 267 şəxsə şamil
olunduğu
müəyyən edilib. Bu qərar tətbiq olunan şəxslərin
sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır.
Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən
müharibəsinin iştirakçısı
, 837-si qadın, 65-i yetkinlik
yaşına çatmayandır.

Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza
çəkən 5971 məhkuma
tətbiq edilib. Onlardan 2710 məhkum
azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun
cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan
cəzalara məhkum edilmiş 8559 şəxsə
amnistiya tətbiq
edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun
cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına
məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471,
ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum
edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan
azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə
salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62
məhkum barəsində də amnistiya tətbiq olunub.

Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə
890
, ibtidai istintaq orqanlarının icraatında olan
işlər üzrə isə 1785
şəxsə amnistiya tətbiq edilib.

Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı
təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum
cəzaçəkmə müəssisələrindən azad olunub.

Teqlər: