Bu ilin may ayının 19-21 may tarixində Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarıstan Respublikası Gənclər Nazirliyinin və Tatarıstan Respublikası “Selet” Gənclər Fondunun birgə təşkilatçılığı ilə İƏT Gənc İş Adamlarının 8-ci Beynəlxalq Forumunun keçirilməsi planlaşıdırılır.
Ənənəvi olaraq hər il Kazan şəhərində keçirilən “Rusiya və İslam dünyası” sammiti çərçivəsində keçirilən bu forumun əsas məqsədi həm İƏT məkanında yeni yaradılan startup layihələrinə dəstək vermək, həm də gənc iş adamlarının fəaliyyətini stimullaşdırmaq, eləcə də Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.
Bu ilin mart ayının 20-dən başlayaraq, final mərhələsindən öncə seçilmiş layihə müəllifləri üçün onlayn formatda təlimlər təşkil olunacaqdır. Təlimləri uğurla başa vuran layihə müəllifləri may ayında Kazan şəhərində canlı təşkil olunacaq Forumun final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Tədbirin sözügedən final mərhələsində (boot camp) 30 ən yaxşı startap layihəsinin təqdimatı keçiriləcək və onların investorlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul ediləcəkdir. Startap layihələrində iştirak etmək istəyən şəxslər və komandalar aşağıdakı link vasitəsilə https://kazanoicstartups.org/ qeydiyyatdan keçə bilərlər.