“Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər”
altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə
Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, təqdim edilən sənədlər
və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76 000
nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil
edilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar
araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.
Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı
vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq
komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır.
Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr
vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti
barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar.
Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq
“Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə
məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil
ediləcəkdir.