Aprelin 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Müzəffər
Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda döyüşlərdə düşmən
qarşısında yenilməzliyi”nə həsr olunmuş “701 saylı hərbi hissə
kəlbəcərlilərin xilasında” adlı tədbir keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, tədbirdə 1992-1993-cü illərdə regionda
hərbi-siyasi vəziyyət və 1993-cü ilin baharında Kəlbəcərdə baş
vermiş hadisələr xatirlanıb, Kəlbəcər əməliyyatı təhlil olunub.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin, Hərbi
Akademiyanın, Fövqəladə Hallar Nazirliyinin, veteran
təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının və digər
idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik
Əzizağa Qənizadə mərasimdə çıxış edərək bildirib ki, 1993-cü ilin
fevralında Ağdərə rayonunun böyük bir hissəsinin işğal olunması
Kəlbəcərə gedən yolların bağlanmasına və rayonun blokadaya
alınmasına səbəb oldu. Bu hərbi əməliyyatları ilə düşmən növbəti
gedişdə Kəlbəcəri işğal edəcəyini açıq-aşkar hiss etdirirdi. Lakin
o dövrdə ictimaiyyət ermənilərin beynəlxalq qalmaqaldan
ehtiyatlanaraq Dağlıq Qarabağın hüdudlarına daxil olmayan Kəlbəcərə
heç bir vaxt hücum etməyəcəklərinə sadəlövhcəsinə inanırdılar.
1993-cü ilin fevralında Kəlbəcər rayonu artıq mühasirə
vəziyyətində idi. Əgər düşmən öz niyyətinə nail olaraq 60 minlik
Kəlbəcər əhalisini ələ keçirsəydi, bu qətliam yaxın tariximizdə baş
vermiş Xocalı faciəsindən də daha dəhşətli soyqırımı olardı. Milli
ordumuzun 701 saylı hərbi hissəsi Kəlbəcər könüllüləri ilə birlikdə
düşmənin niyyətini gözündə qoydu və əhalinin bir nəfərinin belə
burnu qanamadan o ərazidən təxliyə olunmasında misilsiz qəhrəmanlıq
göstəriblər.
Əzizağa Qənizadə deyib ki, düşmən martın 26-da heç bir müdafiə
qüvvəsi olmayan Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə
rayonundan 3, Laçın rayonundan 1, Ermənistan-Azərbaycan dövlət
sərhədindən isə 2 istiqamətdən ümumi sayı 6 alaydan ibarət olan
qüvvə ilə hücuma keçdi. Həmin ağır dəqiqələrdə Kəlbəcər əhalisinin
köməyinə qonşu Laçın rayonunun dəhlizi uğrunda döyüşən 701 saylı
briqada özünü çatdırdı. Əgər düşmənin 6 alayı altı müxtəlif
istiqamətlərdən deyil, yalnız Laçın rayonundan hücuma keçsəydi,
döyüş təcrübəsi olan 701-ci motoatıcı briqadamızın əsas qüvvələri
ilə rastlaşıb çoxlu itkilər verər və heç vaxt Kəlbəcər rayonunun
işğalına müvəffəq ola bilməzdi. Gərgin döyüşlərdə milli ordumuzun
əsgər və zabitləri, hətta təlim keçməyən vətənpərvərlər əzmkarlıqla
vuruşaraq son damla qanlarını belə əsirgəməyərək özlərindən 15 qat
üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanırdılar.
1993-cü il martın 30-da “Kəlbəcər rayonu əhalisinin təxliyə
edilməsi haqqında” ölkə rəhbərliyinin fərmanına uyğun olaraq
Kəlbəcər rayon əhalisinin təxliyəsinə başlanıldı. Əsgərlərimiz son
nəfəsində öz bədənlərini canlı sipər edərək, çoxsaylı düşmən
hücumunun qabağını almaqla Kəlbəcər əhalisinin təxliyəsini təmin
etdi. Kəlbəcərin işğalı aprel ayının 2-də başa çatsa da Azərbaycan
əsgəri o ərazidə hələ aprelin 7-dək mübarizə aparıb və torpağı
düşmənə verməməyə cəhd göstəriblər. Bu gün Kəlbəcər dağlarında
döyüşlərdə şəhid olmuş 450 nəfər əsgərimiz qalır. Onları o bölgədən
çıxarmaq mümkün olmadı. Əsgərlərimiz son nəfəsə və son gülləyədək
döyüşürdülər.
Sonda Silahlı Qüvvələrin hərbi hissələrinin Qarabağ
müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr edilmiş “Ultimatum”
adlı tarixi-xroniki qısametrajlı sənədli film nümayiş olunub.