70 yaşlı professor: Müxbirlikdən dövlət müşavirliyinə…

70 yaşlı professor: Müxbirlikdən dövlət müşavirliyinə…

Bu gün tanınmış politoloq, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin 70 yaşı tamam olur.

AzerTimes xəbər verir ki, Qabil Hüseynli 10 noyabr 1953-cü ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan “Qızıl bayraq” qəzetinin Seydimli kəndi üzrə müxbiri kimi çalışıb. 9-10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxuyub.

Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb. 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını alıb.

Qabil Hüseynli 1988-ci ildən etibarən aktiv siyasi fəaliyyətə başlayıb, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, həmçinin, Ali Məclis yanında Qaçqınlar Komissiyasının sədri olub.

1990-cı ildə Qabil Hüseynli AXC-dən ayrılıb, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına keçib, partiyanın Siyasi Şurasının üzvü olub. O, həmin dövrdə Azərbaycan Televiziyasında siyasi verilişə də aparıcılıq edib.

Daha sonra o, Babək Hüseynoğlu, Vaqif Kərimov, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları ilə partiyadan istefa verərək, Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis edib.

1993-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin fərmanı ilə Qabil Hüseynli Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunub. 1995-ci ildə həm dövlət müşaviri, həm də Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri postundan istefa verib.

Qabil Hüseynli 1999-cu ildən Müsavat Partiyası başqanının müavini vəzifəsində çalışıb, 4 yanvar 2011-ci il tarixində Müsavat Partiyası sıralarından istefa verib.

Hazırda elmi-pedoqoji fəaliyyətlə yanaşı, siyasi şərhçi, siyasi ekspert qismində fəaliyyətini davam etdirir.

Professor Qabil Hüseynlini təbrik edir, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Teqlər: