Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının
Suriyadan repatrasiyası ilə bağlı məlumat yayıb.
XİN-dən AzerTimes-a daxil olan məlumatda deyilir:
“2022-ci ilin 31 mart tarixində Suriya Ərəb Respublikasının
Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan
Respublikası vətəndaşı olan 7 nəfərin repatriasiyası həyata
keçirilib.
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan
Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və
koordinasiyalı tədbirlər nəticəsində baş tutub.
Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri,
şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq
əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin
olunub.
Bununla bağlı İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan
vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan
aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına
ezam edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti
tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi
həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi
tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış
şəhadətnamə”ləri ilə təmin edilmişdir. 2022-ci ilin 31 mart
tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə
qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan
Respublikasına repatriasiyası həyata keçirilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin
reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin
görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və
əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin
reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım
xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və
ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz
vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində
zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir”.