65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi ilə bağlı yeni sayt yaradıldı

Xəbər - Samir Əli – Trend:

Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin AzerTimes-a daxil olan birgə məlumatında bildirilir ki, bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər.

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcəkdir. Qeyd edək ki, yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcəkdir. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcəkdir.

Teqlər: