540 nəfərin quru yolla Rusiyadan Azərbaycana keçidi təmin edilib – XİN

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə
biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə
vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti
məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan
Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası
ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün
toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın
müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23 fevral
– 28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışları
təşkil edilib.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, sərhəd
buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi,
Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin
əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan
Respublikasına ezam olunub. İşçi heyətin üzvləri sərhədi keçmək
istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə
üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını
göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət
nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun
olaraq, qeydiyyata alınmış 540 nəfərin 23 fevral – 28 fevral
2022-ci il tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası
ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar – Samur” dövlət
sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup
halında keçidi təmin edilib.

Teqlər: