54 konqresmenin Bakıya qarşı məktubunun təsiri…

54 konqresmenin Bakıya qarşı məktubunun təsiri…

ABŞ Konqresinin 54 nümayəndəsinin Entoni Blinkenə göndərdiyi məktub Azərbaycan əleyhinə ciddi dəyişikliklərə səbəb olacaq addım deyil.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Elşən Məcidov deyib.

“Aralıq seçkilərdən sonra Senatda demokratlar, Nümayəndələr Palatasında isə respublikaçılar çoxluq təşkil edir. Bu nəticə əslində oradakı erməni diasporuna çox güclü zərbədir. Hazırda Nümayəndələr Palatasında ən ermənipərəst konqresmenlərdən biri hesab olunan Adam Şiffə qarşı böyük kampanya keçirilir. Palatanın spikeri Kevin Makkarti onun yenidən Kəşfiyyat Komitəsinin sədri olmasına imkan vermədi. Çünki Şiff vəzifədə olduğu zaman səlahiyyətlərindən sui-istifadə edib. ABŞ-da konstitusiya, siyasi sistemin təşəkkülü və siyasi baxımdan təkamülü hər dəfə bizə icraedici hakimiyyətin xarici siyasət məsələlərində qanunverici hakimiyyətdən daha çox səlahiyyət və söz sahibi olduğunu göstərir. Əgər hansısa bir məsələ Ağ Ev və Dövlət Departamenti üçün xüsusi maraq kəsb edirsə, Konqresin mövqeyi nəzərə alınmaya bilər. Hətta milli təhlükəsizliklə bağlı məsələlərdə Konqresin səlahiyyətlərinə müdaxilə mümkündür. Senatorların göndərdiyi qanun, qətnamə bə ya bəyannamə xarakteri daşımır, sadəcə məktubdur. Məqsəd isə erməni diasporu qarşısında borclu qalmamaq və günahın Bayden administrasiyasında olduğunu nümayiş etdirməkdir. Hazırda erməni diasporu fərqinə varır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ABŞ üçün çox vacibdir və Vaşinqton bununla bağlı bir sıra təşəbbüslər irəli sürür. Ona görə prosesə mane olmaq üçün cəhdlər göstərirlər. Ancaq heç bir şeyə nail ola bilməyəcəklər, əksinə sözügedən məktub “erməni korpusu” rolunu oynayan senatorların diaspora loyallığını büruzə verdi”, – politoloq bildirib.

Qeyd edək ki, dünən Konqresin 54 senatoru Barbara Linin təşəbbüsü ilə Dövlət katibi Entoni Blinkenə məktub göndərərək, ABŞ Prezidenti Co Bayden administrasiyasından Azərbaycana hərbi yardımı dayandırmağı və Qarabağdakı separatçı dəstəyə dəstək verməyi istəyib.

Teqlər: