30 il ərzində UNESCO missiyası Qarabağa səfər etməyib – ISESCO-nun sabiq baş direktoru

Xəbər - Klavdiya Romakayeva – Trend:

30 il ərzində UNESCO missiyası Qarabağa səfər etməyib.

Trend-in məlumatına görə, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Trend BİA tərəfindən təşkil olunmuş “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri veb-konfransının yekunları” mövzusunda onlayn-konfrans zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə çoxsaylı şəhər və kəndlər dağıdılıb, abidələr və mədəniyyət obyektlərinə böyük ziyan vurulub:

“Biz müxtəlif dillərdə – ingilis, fransız, ispan və Çin dillərində kitab hazırlamışıq və dünya ölkələrinə göndərmişik. Dünya həqiqəti bilməlidir. Bir çoxları son 30 il ərzində işğal altında olmuş ərazilədə nə baş verdiyini bilmir. Dağıntıların sənədlərlə təsdiqi mədəni baxımdan çox vacibdir”.

O hesab edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmin ərazilərə səfər etmək üçün komandanın formalaşması və dünya ictimaiyyətini oradakı dağıntılar barədə məlumatlandırmaq üçün materialın hazırlanmasına görə məsuliyyət daşıyır.

Ə.əl-Tüveycri bildirib ki, 30 il ərzində UNESCO missiyası Qarabağa səfər etməyib, indi isə oraya missiya yollamağa hazırlaşır:

“Niyə 30 il susurdunuz? Missiya göndərin, amma həqiqətləri təhrif etmək üçün yox. Hörmətli şəxslərdən, təcrübəli diplomatlardan ibarət missiya göndərin ki, onlar reallıqları görsünlər və bütün bunlar barədə UNESCO-nun Baş Assambleyasında və İcraiyyə Şurasında danışsınlar”.

Onun fikrincə, Ermənistan özü üçün qiymətli imkanı əldən verir:

“İndi Ermənistanın Cənubi Qafqaz regionuna dostluq, əməkdaşlıq və qarşlıqlı hörmət ruhunda qoşulması üçün imkanı var. Onlar bu qərara gəlsələr, böyük səmərə əldə edəcəklər. Onlar həm iqtisadi, həm də mədəni baxımdan, eləcə də sülh və təhlükəsizlik baxımından qazanclı çıxacaqlar”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: