Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Şahin İbrahimov bildirib ki, 2009-2017-ci illərdə “Altun saray” restoranında inzibatçı işləyib:
“2017-ci ildə KİVDF-nin tədbiri keçiriləndə nəzarətçi olmuşam. Vüqar Səfərli tədbirdən 2-3 saat əvvəl gəlirdi, nəzarət edirdi. Vüqar müəllim sayı deyirdi. 350 nəfərlik tədbirdə Vüqar müəllim 270 nəfər stul sifariş edirdi. Tədbir qurtarandan sonra 15-20 nəfərlik də yer sifariş verirdi, şou proqramda iştirak üçün. Tədbiri qaydasında keçirirdik. Məbləğ 39-40 min manat olurdu, 24 min xərci idi, bunlar deyirdi 37 min manat yaz. Biz razılaşmırdıq, keçirmirdik. Amma biz keçirməsəydik, başqaları razılıq verəcəkdi. Ona görə də razılaşıb tədbiri keçirirdik. Kassaya pulu köçürdülər, sonra gəlib artıq pulu kassadan götürürdü”-deyə ifadə verən şəxs bildirib.
“Xəmsə” şadlıq sarayının icarədarı Bəxtiyar Fətullayev bildirib ki, 2019-cu ilin sonu tenderin elan olunması barədə məlumat alıb.
“Tədbir dekabrın 26-na təyin edildi. KİVDF-nin nümayəndələri gəldilər müqavilə bağladıq. Müqavilədəki bütün öhdəlikləri yerinə yetirmişdilər. Bir gün əvvəldən zala məclis salmağa qoymurdular. Televiziya çəkilişləri üçün aparatları bir gün əvvəl yerləşdirdilər. Bütün işləri sənədləşmə ilə aparırdıq. Tenderdə iştirak üçün 420 manat cibimdən ödəmişəm, qatılmışam. Tədbiri 420 nəfərlik hazırlatdırırdılar, adam gəlirdi 500 nəfərlik. Onu yola verirdik. Əlavə içkilər sifariş edirdilər, menyuda olmadığı halda təşkil edirdik. Qazancımız yalnız reklam idi. Saytlar, televiziyalar çəkib reklam edirdilər. Tədbirdən sonra 8 faizi geri qaytarırdıq”- deyə B. Fətullayev bildirib.
Proses noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb. Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.