Azərbaycan həmkarlar ittifaqları ölkə Prezidenti İlham Əliyevin
vətəndaşların müraciətləri ilə bağlı dövlət orqanlarına verdiyi
tapşırıq və göstərişləri nəzərə alaraq, hər zaman üzvlərinin ərizə
və şikayətlərinə həssas yanaşır, onların həlli istiqamətində
səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Belə ki, 2021-ci
ildə Azərbaycan həmkarlar ittifaqları aparatlarına üzvlərdən
143 834 ərizə və şikayət, o cümlədən elektron poçt
vasitəsilə 1 093 müraciət daxil olub.
Müraciətlərin 97,9 %-i müsbət həll edilib.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) açıqlamasında deyilir.
Bildirilir ki, bilavasitə AHİK Aparatına ötən il ərzində
1 142 ərizə və şikayət daxil olub. Bu
müraciətlərin hamısı müsbət həllini tapıb.
Ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in
rəhbərləri tərəfindən qubul edilib. Onlardan 65-i
Konfederasiya sədrinin qəbulunda olub. Qaldırılan məsələlərin
hamısı müsbət həll edilib.
Ümumiyyətlə, 2021-ci ildə əmək hüquqlarının müdafiəsi ilə bağlı
daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar
həmkarlar ittifaqına 297 müraciət daxil olub,
onlardan 193-ü müsbət həllini tapıb.
Maddi yardım və yollayışlara aid müraciətlərin çox olmasına
baxmayaraq, AHİK və üzv təşkilatları tərəfindən hər il ehtiyacı
olan həmkarlar ittifaqı üzvləri maddi yardım, müalicə və istirahət
ocaqlarına yollayışlarla təmin edilirlər.
İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya
görə AHİK-in ünvanına xeyli sayda təşəkkür məktubu ünvanlanıb.