2021-ci il Azərbaycan tarixinə növbəti uğurlu il kimi daxil oldu – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci il həm siysasi, həm də sosial-iqtisadi baxımdan Azərbaycan tarixinə növbəti uğurlu il kimi daxil oldu.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 2021-ci ildə ölkəmiz qarşısında mühüm vəzifələr dayanırdı.

“Post-müharibə dövründə ərazilərin bərpası və yenidənqurulması, 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilmiş qələbənin siyasi-diplomatik müstəvidə davam etdirilməsi, koronavirus pandemiyası ilə mübarizə, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması və s. kimi mühüm məsələlər qarşıda dayanırdı. Bütün bunlarla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, qlobal bahalaşmanın insanlara təsirinin neytrallaşdırılması kimi böyük maliyyə tutumlu məsələ də qarşıda duran ən vacib vəzifələrdən biri idi.

Əlbəttə ki, müharibədən çıxmış bir ölkə üçün, xüsusən də pandemiya şəraitində bu cür çətin məsələlərin öhdəsindən gəlmək o qədər də asan deyildi. Lakin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti, düzgün müəyyən edilmiş strategiyası və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bu çətin vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardı. Vətən müharibəsində əldə edilmiş qələbəni siyasi-diplomatik müstəvidə davam etdirmək istiqamətində Prezident İlham Əliyev qətiyyətli və düzgün siyasət apararaq ölkəmizin mövqeyini daha da möhkəmləndirdi, Azərbaycanın regionda yaratdığı yeni reallıqların dünya birliyi tərəfindən qəbul edilməsinə nail oldu.

Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda öz mövqeyini dünya ictimaiyyətinə çatdırdı.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən görüşü də Azərbaycanın mövqeyinin möhkəmlənməsi baxımından irəliyə doğru mühüm addım oldu. Bu görüş nəticəsində imzalanan bəyanat Ermənistanı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməkdən yayınmaq imkanlarından tamamilə məhrum etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini əks etdirirdi. Bu bəyanatda sərhədlərin delimitasiyasi, avtomobil və dəmiryollarının açılması kimi vacib məqamlar öz əksini tapırdı.

Onun ardınca isə daha bir uğurlu görüş dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçiliyi ilə Brüsseldə baş tutdu. Bu görüş də Prezident İlham Əliyevin növbəti diplomatik uğuru idi. Görüş nəticəsində imzalanan bəyanat Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşürdü. Bu bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisi idi”, – deyə deputat bildirib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə gəlincə, burada da böyük uğurların əldə olunmasının şahidi olduq.

“Bir çox infrastruktur layihələri həyata keçirildi, yollar tikildi, elektrik stansiyaları inşa olundu, xüsusilə oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi böyük hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində birgə iştirakı hava limanının əhəmiyyətini daha da artırırdı. Azərbaycan dünyada çox az rast gəlinən bir işin öhdəsindən layiqincə gəlməyi bacardı, qısa müddətdə belə bir möhtəşəm beynəlxalq hava limanının tikintisini başa çatdırdı. Bu gün azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etməkdədir”, – deyə deputat bildirib.

Pandemiya ilə mübarizəyə gəlincə, A.Həsənova vurğulayıb ki, Azərbaycan bu sahədə də çox səmərəli fəaliyyət göstərdi.

“Bu gün bir çox dünya ölkələri ilə müqayisədə ölkəmizdə epidemioloji vəziyyət sabit və nəzarət altındadır. Əhali vaksinasiya ilə tam təmin olunub, “AstraZeneca/Vaxzevria”, “Pfizer”, “Sputnik V” və “CoronaVac” (Sinovac) kimi vaksinlər arasında seçim etmək imkanına malikdir. Görülən sistemli tədbirlər virusun ölkəmizdə geniş yayılmasnın qarşısını alıb. Bu cür vəziyyət pandemiyanın iqtisadiyyata vurduğu zərərin aradan qaldırılmasına da imkan verdi. Belə ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini bərpa etməyi bacardı. Bu ilin 11 ayı ərzində Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz, o cümlədən qeyri-neft sektorunda isə 6,4 faiz təşkil edib.

Bununla yanaşı, 2021-ci ildə əhalinin sosial rifahının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq və bununla bağlı Prezident tərəfindən artıq müvafiq sərəncamlar imzalanıb. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bu, dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir.

Yuxarıda sadalanlar 2021-ci ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərin bir hissəsidir. Azərbaycanın belə bir çətin dövrdə bu qədər mürəkkəb məsələlərin öhdəsindən layiqincə gələ bilməsi əlbəttə ki, ölkəmizin indiyə qədər əldə etdiyi böyük iqtisadi potensial və vaxtında görülən sistemli tədbirlər nəticəsində mümkün olub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uzun illərdir həyata keçirilən düşünülmüş islahatlar, zamanında atılan düzgün addımlar, doğru strategiya sayəsində ölkəmiz bütün mürəkkəb və çətin vəziyyətlərə sinə gəlməyi bacarır və iqtisadi inkişafını davam etdirir”, – deyə A.Həsənova vurğulayıb.

Teqlər: