Xəbər - Elçin Mehdiyev – Trend:
20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı törədilən bir cinayət olmaqla yanaşı Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, 32 il öncə totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşı törədilən qanlı 20 Yanvar faciəsini qeyd edirik.
“1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu günahsız, əliyalın insanları vəhşicəsinə qətlə yetirməklə xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq istəyirdi.
Bu hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ölümcül yaralandı. Fövqəladə hal elan olunandan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü”, – deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı.
“Fövqəladə vəziyyət elan olunanadək Azərbaycanın bir sıra rayonlarında cinayətlər törədilmişdi. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir”, – deyə A.Həsənova əlavə edib.
Deputat vurğulayıb ki, 20 yanvar faciəsi siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.
“Azərbaycanın milli maraqlara zidd addımlar atan ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Öncədən hazırlanan bu təcavüzkarlıq aksiyasının məqsədi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq idi.
Lakin bu hadisə xalqımızın mübarizlik ruhunu, əzmini və inamını qıra bilmədi, əksinə, xalqımız bu mübarizəyə daha böyük əzimlə davam etdilər, milyonlarla insan bu vəhşiliyə qarşı birləşərək öz azadlıq istəklərini reallığa çevirdilər. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi”, – deyə A.Həsənova qeyd edib.
Deputat qeyd edib ki, o zaman bu qanlı hadisəni beyəlxalq arenaya çıxarmaq, aqressiv və qəddar sovet hakimiyyətinin bu cinayətlərini ifşa etmək olduqca çətin və təhlükəli bir məsələ idi.
“Lakin ulu öndər Heydər Əliyev bu təhlükəni gözə alaraq Sovet hakimiyətinin bu cinayətini ictimailəşdirdi. Bu tarixi gündə ilk siyasi qiymət dərhal ümumilli lider Heydər Əliyev tərəfindən verildi. Özü də imperiyanın mərkəzi – Moskva şəhərində. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bununla da, SSRİ rəhbərliyinin gizlətməyə çalışdığı hadisə, informasiya ictimailəşdi”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur və 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 yanvar şəhidləri də daim Azərbaycan xalqının qəlbinə yaşayır, xalqımız həmişə onların əziz xatirəsini ehtiramla yad edir.