15 ilimi verin çıxım gedim – Maqsud Mahmudov

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə vəkil bildirib ki, o, mart ayında ekspertiza keçirilməsi
ilə bağlı verdiyi vəsatət baxılmamış saxlanılıb. Vəkil xahiş edib
ki, həmin vəsatətə baxılsın.

Hakim bildirib ki, indiki mərhələdə baxılması mümkün deyil.
Sənədlərin tədqiqi mərhələsində vəsatətə baxılacaq.

Prosesdə Maqsud Mahmudov etiraz edib. O bildirib ki, vəsatətə
baxılmır və proses uzadılır: “Niyə uzadırsınız? Əgər baxmaq
istəmirsinizsə, 15 ilimi verin çıxım gedim”.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: