13 yaşlı qız 28 yaşlı oğlana ərə verilir – Həkimdən çağırış

13 yaşlı qız 28 yaşlı oğlana ərə verilir – Həkimdən çağırış

Masallıda 13 yaşlı qızın 28 yaşlı oğlana ərə verilməsi xəbəri erkən nikah mövzusunu yenidən gündəmə gətirib.

Həkim Könül Xələfova AzerTimes-a açıqlamasında erkən nikahların fiziki və cinsi zorakılıq olduğunu bildirib.

“Belə bir xəbəri eşidəndə aqressivləşməmək mümkün deyil. Xüsusilə qızların sağlamlığına və həyatına mənfi təsir göstərən və son illərdə daha çox nəzərə çarpan erkən nikahlar baş alıb gedir. Azərbaycanda gah azyaşlı oğlan özündən yaşca böyük qadınla, gah da azyaşlı qız özündən çox böyük biri ilə məcburi evləndirilir. 28 yaşlı oğlanın pəncəsinə balaca qızı kim yaraşdırdı? Qızların erkən yaşda ərə verilməsini kim istəyir? Əlbəttə ki, valideynlər!”, – o deyib.

Həkimin sözlərinə görə, qızlar müəyyən yaşa çatdıqdan sonra sanki ailəyə yük olur:

“Amma valideyn fikirləşmir ki, cinsi yolla keçən infeksiyalar azyaşlılarda daha tez baş verir, hətta bu, onun ölümü ilə nəticələnə bilər. Həmçinin bu, fiziki və cinsi zorakılıq hesab olunur. Təbii ki, bu uşağın razılığı ilə olmur, 13 yaşlı qızcığaz nə bilsin ər nədir, ailə nədir”.

K.Xələfova vurğulayıb ki, erkən nikahlar ölüm riskini artırır:

“Erkən evləndirilən uşalqarın cinsi əlaqə təcrübələri olmadığından cinsi uyğunsuzluq və cinsi problemlər ortaya çıxır. Bununla da arzuolunmaz hamiləliklər, qeyri-sağlam abortlar erkən nikaha girən şəxslərdə ölüm riskini artırır. Uşaqlıq və yeniyetməlik dövründə ailə quran qadının orqanizmi tam formalaşmadığı halda hamilə olması onun səhhətində müxtəlif problemlərin yaranmasına səbəb olur. Doğuş zamanı həm qadının, həm də uşağın ölüm ehtimalı yüksək olur. Bunun əsas səbəbi qadının fizioloji cəhətdən yetişməməsidir”.

Teqlər: