“12-ci imam”ın adına 2 milyon manat fitrə yığılmışdı

“12-ci imam”ın adına 2 milyon manat fitrə yığılmışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü 12-ci imam kimi təqdim ediərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Samir Cəfərov bildirib ki, ona 149 min manat ziyan dəyib.

“Aqil Babayevlə 2012-ci ildə qardaşım vasitəsilə tanış olmuşam. Özüm ibadətlə məşğul olduğum üçün təşkil etdiyi dini məclislərdə iştirak etdim. Bu, həmişə “12-ci imam” olması barədə işarələr verirdi. Bir gün də məni çağırıb onun “12-ci imam” olmasını qəbul edib-etmədiyimi soruşdu, dedim bəli, edirəm. 2014-cü ildə 6 mərtəbəli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gəlib tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. 8 otaqlı evə görə 448 min manat verməli idi, 210 min manatını verdi, digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikirdik, ona görə qalan pulun yarısı, 149 min manatı mənim idi. Hələ də pulu ala bilməmişəm”, – zərərçəkmiş deyib.

S.Cəfərov bildirib ki, 2016-cı ildən Aqil Babayev zəkat və fitrə toplamaq işini ona həvalə edib. Həmin ildən Aqil Babayevin cinayət əməli üzə çıxana qədər ümumilikdə 2 milyon manat zəkat pulu toplayıb: “Ayda minimum 10 min zəkat yığılırdı. Elə olurdu ki, 15-20 minə çatırdı. Hər ayın 15-i pulu yığıb Aqil Babayevə təhvil verirdim. Bundan başqa, qurbanlar kəsilirdi ki, onda da fitrə adı ilə pul yığılırdı. Eyni zamanda, onun doğum günlərində 100 min manatliq hədiyyələr alınırdı, musiqiçilərə 10 min manat verirdik. Keçən dəfə danışanda elə pullardan danışırdı ki, elə bil bu, Abramoviç, ya Qod Nisanovdur”.

Vəkilin sualını cavablandıran zərərçəkmiş şəxs zəkat pullarının könüllü ödənildiyini bildirib.

Məhkəmə prosesində qalmaqal yaranıb. Zalda oturan zərərçəkmiş şəxslər Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Teqlər: