“12-ci imam”a “aldananlar”, milləti axmaq sayırsınız?

“12-ci imam”a “aldananlar”, milləti axmaq sayırsınız?

Aylardır davam edən “12-ci imam” şousu bitdi: iş adamı Aqil Babayevə 12 il 6 ay həbs cəzasə verildi, əmlakı da müsadirə olunub, zərərçəkənlərin zərərinə ödəniləcək.

Azərbaycan məhkəmə tarixində bu məzhəkə yəqin ki, heç vaxt unudulmayacaq.

Zərərçəkən qismində 40 nəfər (!!!) tanınıb, iddia edirlər ki, A.Babayev “12-ci imam” olduğuna bunları inandırıb, külli miqdarda pullarını alıb.

Məsələn, “Şaurma N1″ restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov deyib ki, A.Babayevin “İmam Mehdi” olduğuna inanıb, uzun illər ərzində ona zəkat, Qarabağ döyüşçüləri üçün ev tikmək adı ilə yarım milyon manatdan çox pul verib.

Anar Aslanov iddia edir ki, A.Babayevin təhriki ilə həyat yoldaşını boşayıb, “İmam Mehdi” ona “Santa Fe” markalı maşınının müqabilində “cənnətdə 2 hektar torpaq sahəsi” verib.

Bir başqası ifadəsində bildirib ki, “12-ci imam” məndən 2700 dollar aldı, dedi, sənə cənnətdə yer verirəm, ayaq üstə dayanacaqsan…

İfadə verənlərin əksəriyyəti də ağlı başında, biznesi, geniş imkanları olan şəxslərdir: elələri var ki – “Şaurma N1”-in sahibinin timsalında – yep-yekə müəssisəyə və onlarla, bəlkə də yüzlərlə işçiyə rəhbərlik edir.

Bu qədər adam toplanır, iddia edirlər ki, A.Babayevi “12-ci imam” sanıb aldanıblar?

Siz kimi dolayırsınız? Məhkəməni məzhəkəyə çevirmisinizsə, öz işinizdir. Ancaq 10 milyonluq xalqı axmaq yerinə qoya bilməzsiniz!

Guya cənnətdə hektarlarla torpaq vəd edilib və buna görə pul ödəyiblər. Həm də bunu deyənlər biznesmenlərdir.

Bu qədər ağ, gülməli yalan ola bilməz ki! Biznesmen qəpiyinin qədrini bilir: hansı məntiqlə bu xalqa bu qədər yalanı deyə bilirsiniz? Necə əminsiniz ki, sizin yalanlarınıza hamı inanacaq?

Adamı dəhşətə gətirən məhkəmənin də bu yalanları uyduranların təsiri altında qərar qəbul etməsidir.

A.Babayevin hansısa dələduzluq əməlinin və yaxud cinayətinin olmadığını iddia etməkdən çox-çox uzağıq. Ancaq niyə “12-ci imam”? A.Babayevin hansı əməllərini, hansı humanistliyini, hansı dəstəyini, hansı insanlığını görmüsünüz ki, ona inanmısınız? Onu da deyin! Yoxsa elə yerindən duran “imamam” deyib, cənnətdə torpaq satacaq və biznesmenlər də milyonlarını ona verəcək? Və durub bu cür gülünc yalanı üstümüzə püskürəcəklər?

Guya müharibə veteranlarına ev tikmək adıyla pul yığırmış, siz də vermisiniz. Yekə müəssisənin rəhbəri kimi, özün tikə bilmirdin hansısa veterana bir ev? Bu vaxta qədər bircə şəhid ailəsinə, qaziyə dəstək göstərmisən? Hansı yardımların olub, indiyə qədər hansı yetim-yüsürə əl tutubsan? Bu qədər ürəyi yanansan, niyə sənin xeyirxahlıqlarından bircə adamın xəbəri yoxdur?

A.Babayev döyüldüyü, evinin qarət edildiyini deyir, polisə müraciət edən də ilk odur: iddia edir ki, “Şaurma N1”-dəki payını əlindən almaq üçün bu oyunlar oynanılır… Heç kim A.Babayevin iddialarına toxunmur, araşdırmır, nə baş verdiyini üzə çıxrmır.

Əslində nə baş verdiyi, A.Babayevin suçunun nə olduğu, niyə ona qarşı bu qədər gülünc oyun qurulduğu açılmadı, bilinmədi.

Maraqlıdır ki, A.Babayev də əsl həqiqəti açmadı, demədi və yaxud deməyə imkanı, fürsəti, yainki cəsarəti olmadı. Hansı günah sahibidir ki, əsl həqiqəti aça bilmədi?

Yəqin, nə zamansa açılacaq, A.Babayevin əsl cinayətinin nə olduğunu da biləcəyik, bu gülünc şouda milləti ələ saldıqlarını düşünüb, özlərini gülünc günə qoyanları da…

Sonda yalnız və yalnız bunu deyəcəyik: cənnətdə hektarlarla torpaq üçün milyonlar verdiyini iddia edənlər, milləti axmaq yerinə qoyub, inandırdığınız gümanındasınızsa, yanılırsınız.

Özünüzü ələ salırsınız, yalanlarınıza isə inanan yoxdur – sadəcə, millət sizinlə əylənir, vəssalam!

Teqlər: