“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris
Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına
başlanılıb. Layihə bu yaxınlarda təsdiq edilən “Avtomobil
nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış
Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata
keçirilir.

Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının
hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin
rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi
beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi,
peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və
işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.

Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan
sürücülər ödənişsiz olaraq iştirak edə biləcəklər. Sürücülərin
təhsil haqlarını Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyası (ABADA) ödəyəcək. Eyni zamanda Dövlət Avtomobil
Nəqliyyatı Xidməti ilə Dövlət Məşğulluq Agentliyi arasında
razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan
işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların
nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.

“100 yeni sürücü” layihəsi əmək bazarının tələblərinə cavab
verən tədris proqramı və təlim materialları əsasında nəzəri və
praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim
meydançasında keçiriləcək. Tədris prosesinə Azərbaycanın ali təhsil
müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri,
həmçinin təlim ustaları cəlb olunublar.

Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə
yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları,
beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin
istismar xüsusiyyətləri və buna dair tələblər barədə məlumatlar
veriləcək. Eyni zamanda yüklərin qəbulu, rəsmiləşdirilməsi,
təhlükəsiz yerləşdirilməsi, bərkidilməsi, daşınması və təhvil
verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və
xüsusiyyətləri izah olunacaq. Sürücülər yol-nəqliyyat hadisələri
zamanı görülən tədbirlər və ilk tibbi yardım barədə biliklər əldə
edəcəklər.

Sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək
göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası
formalaşdırılacaq. Bu məlumatlar həm Dövlət Avtomobil Nəqliyyatı
Xidməti, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim
ediləcək.