Avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə AzerTimes-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Aparılan ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.