Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin və üzvlərinin müəyyənləşdirilməsi qaydalarına dəyişikliyi nəzərdə tutan qanun layihəsinə qoyduğu vetonu ləğv edib.
AzerTimes xəbər verir ki, parlamentin iyulun 3-də keçirilən növbədənkənar sessiyasında əvvəlcə Prezidentin təklif etdiyi qanun layihəsi səsə qoyulsa da qəbul edilməyib. Daha sonra isə parlamentin üç oxunuşda qəbul etdiyi, lakin Prezidentin veto qoyduğu qanun layihəsi səsə qoyulub. Hakim partiyadan olan 78 deputatın dəstəyi ilə layihə yenidən qəbul olunub.
Qanun layihəsinə edilən düzəlişə əsasən MSK sədrinin və üzvlərinin müəyyənləşdirilməsi üçün müsabiqənin elan edilməsi, həmçinin müsabiqə komissiyasının yaradılması vəzifələri Prezidentdən alınaraq parlamentin spikerinə verilib.
Qeyd edək ki, Prezident Salome Zurabişvili iyunun 26-da yaydığı bəyanatında yeni qanun layihəsinin MSK sədri və üzvlərinin müəyyənləşdirilməsində birpartiyalı qərar anlamına gələcəyini, bu səbəbdən də onu veto etdiyini bildirmişdi.