Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvili barəsində impiçment prosesinin başlanmasına icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Merab Turava məlumat verib.
“Gürcüstan Prezidenti Salome Zurabişvili 31 avqust, 1 və 6 sentyabr 2023-cü il tarixlərində xarici işgüzar səfərləri zamanı hökumətin razılığı olmadan xarici siyasət sahəsində nümayəndəlik səlahiyyətlərini həyata keçirib və bununla da konstitusiyanı pozub”, – Turava bildirib.
İndi parlament iki həftə ərzində prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinə baxıb səsverməyə çıxarmalıdır. İmpiçment qərarı parlamentin ən azı 100 üzvü tərəfindən dəstəklənməlidir.