Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevi təbrik etməkdən çəkinməklə ölkəyə ziyan vurur.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın mədəniyyət və idman naziri Teya Tsulukiani deyib.
“Cənab Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susması, məncə, dövlətimizə ziyan vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur. Gürcüstan hökuməti bu risklərin sığortalanmasına hər gün qayğı göstərir və bunun fonunda Ali Baş Komandan olan Prezident qonşumuzu, tərəfdaşımızı, dövlət dostumuzu seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir. Bu, siyasi miopiyadır”, – Tsulukiani bildirib.
Onun sözlərinə görə, Zurabişvilinin məqsədi Azərbaycanla tərəfdaşlığı qorumaq və inkişaf etdirmək olmalıdır, lakin o, bunun əksini edir.
Gürcüstanın müdafiə naziri İrakli Çikovani də Zurabişvilini tənqid edib:
“Prezidentin bu istiqamətdə fəaliyyətsizliyi mənim üçün anlaşılmazdır, çünki hamı başa düşür ki, bizim Azərbaycanla strateji tərəfdaşlığımız və əməkdaşlığımız var. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirilməsinə dəfələrlə töhfə vermiş Azərbaycan rəhbəri ilə bizim xüsusi münasibətimiz mövcuddur. Digər tərəfdən, sadə diplomatik etiket tələb edir ki, bu cür təbriklər daha erkən edilsin”.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 92.12 faiz səs alaraq, növbəti dəfə Azərbaycan prezidenti seçilib. Gürcüstan Baş naziri Azərbaycan Prezidentinin ən erkən təbrik edənlər sırasındadır.