Gürcüstan Prezidenti Salome Zurabaşvili parlament seçkisində qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə əlaqədar veto almışıq. Bunu Hüquq məsələləri komitəsinə verəcəyik, qurum da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, – Papuaşvili bildirib.
Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, o zaman parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.
Qeyd edək ki, aprelin 4-də Gürcüstan parlamenti qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib. Gürcüstan Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, qanunvericilikdə kvotanın olması ölkədə qadınların sıxışdırıldığını göstərir.