Zöhrabyanın yaydığı bu xəritəni İrəvan da tanımışdı

Zöhrabyanın yaydığı bu xəritəni İrəvan da tanımışdı

Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynovun AzerTimes-a müsahibəsi:

– Rizvan müəllim, Ermənistanın sabiq deputatı Naira Zöhrabyan delimitasiya və demarkasiyanın aparılacağı 1919-cu il xəritəsini yayıb. Bu xəritə haqqında bəhs edərdiniz…

– Naira Zöhrabyanın bəhs etdiyi xəritə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövrdə beynəlxalq aləm tərəfindən təsdiq edilmiş ərazisini, sərhədlərini göstərir. Yəni 1920-ci ildə Millətlər Liqası AXC-ni bir dövlət kimi xəritədə əks etdirilən sərhədlər çərçivəsində tanıyıb. Bununla bərabər sözügedən dövrdə Cənubi Qafqazda mövcud olmuş üç dövlət bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü tanıyıb. O zaman Azərbaycanın İrəvanda səfiri var idi. Zəngəzur və Qarabağda ermənilərin törətdiyi iğtişaşların davam etməsinə baxmayaraq, daşnaklar tərəfindən qurulan Ermənistan Respublikası rəsmi şəkildə həmin bölgələr də daxil olmaqla, AXC-nin ərazi bütövlüyünü tanıyıb. Sözsüz ki, bu xəritə çox vacib tarixi sənəddir. Xəritədə əks olunan sərhədlər çərçivəsində Millətlər Liqasının, eyni zamanda Ermənistan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətini, onun ərazi bütövlüyünü, suverenliyini tanıması hazırda dövlətimizə sözügedən tarixi faktlara hüquqi baza kimi əsaslanaraq bu məsələni müzakirə predmetinə çevirməyə çox ciddi səbəb və imkan verir. Çünki dövlətimiz AXC-nin rəsmi şəkildə həm də hüquqi varisidir. Buna tam haqqımız var.

– Əgər delimitasiya və demarkasiya sözügedən xəritə ilə aparılsa, bu tarixi və coğrafi baxımdan bizə hansı üstünlüklər verəcək?

– Sözsüz ki, ölkəmizin ərazisi SSRİ zamanında 86,6 min kvadrat kilometrə qədər azalıb. Əgər Cümhuriyyət dövründə ərazimiz 114 min kvadrat kilometr idisə, Sovet dönəmində öncə Zəngəzur, sonradan Göyçə, Naxçıvanın, Qazax rayonunun, Tovuzun və s. bölgələrimizin bir hissəsi zorla və qanunsuz şəkildə Azərbaycandan qoparılaq Ermənistana verilib. Dövlətimiz mütləq formada bu məsələni gündəmə gətirməli, əlimizdə olan tarixi və hüquqi bazaya, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq SSRİ dövründə Ermənistana verilən ərazilərimizin legitimliyini tanımadığını isbat etməlidir. Bu zaman SSRİ-nin qanunvericiliyinə də istinad edilməli, bəhs etdiyimiz məsələnin lazımi hüquqi prosedurlardan keçmədiyi, torpaqlarımızın Moskva tərəfindən xalqımızın iradəsinə zidd şəkildə zorla Ermənistana verildiyi güclü dəlillərlə göstərilməlidir. Əgər biz yuxarıda qeyd etdiyimiz məsələlərin beynəlxalq hüquq çərçivəsində dünya qarşısında isbatına nail olsaq, onda ərazilərimizin delimitasiya və demarkasiyası AXC dövründəki sərhədlərimiz əsasında aparıla bilər. Burada prinsipial məsələ var ki, hazırda mövcud olan müasir dövlətlərin əraziləri BMT-nin hüquqi bazası çərçivəsində tanınıb. Bu baxımdan təşkilatın hüquqi bazası Azərbaycanın Zəngəzurla bağlı məsələdə imkanlarını məhdudlaşdırır. Çünki belə bir vəziyyət presedent yarada bilər. Əgər bütün ölkələr 20-ci əsrin əvvəllərindəki sərhədlərin bərpasını tələb etsələr, onda dünyada böyük bir xaos yaranar. Ona görə böyük təşkilatlar, dövlətlər bu məsələyə ehtiyatla yanaşırlar. Lakin Azərbaycan AXC-nin hüquqi varisidir. Müharibənin bitməsindən 1 il 10 ay keçməsinə baxmayaraq, Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımır, sülh müqaviləsini də imzalamaqdan müxtəlif bəhanə və təxribatlarla boyun qaçırır. Qarşılıq olaraq Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır. Ölkələr arasında sərhədlər də dəqiqləşdirilməyib. Ona görə, Azərbaycan AXC-nin hüquqi varisi olaraq SSRİ dövründə zorla qoparılıb Ermənistana birləşdirilən bütün əraziləri ondan tələb edə bilər. Hesab edirəm ki, sülh müqaviləsi imzalananadək biz həm tarixi torpaqlarımızı bəhs etdiyimiz hüquqi və tarixi baza əsasında Ermənistandan tələb etməli, həm də bunu rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə təzyiq vasitəsinə çevirməliyik.

Teqlər: