Ziyalılar bu təqdimat üçün MEK-ə toplandı – Foto

Ziyalılar bu təqdimat üçün MEK-ə toplandı – Foto

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib.

AzerTimes xəbər verir ki, təqdimatı giriş sözü ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açıb və Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın növbəti layihəsinin təqdimatının MEK-də keçirilməsini alqışladığını bildirib.

“Məhz Ulu Öndərin hakimiyyətinin ikinci dövründə baş verənlərə münasibəti görərək bugünki Zəfər günümüzə gəlib çatmışıq. 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda reallaşdırılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin, həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilisdilli xarici mətbuatda Azərbaycan haqqında çap edilmiş materialların sayının kifayət qədər çox olmasını şərtləndirmişdir. Bütün materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğurmur. Eyni zamanda inanırıq ki, ilk təşəbbüs olan bu layihə müəyyən mərhələlərlə sonra da davam etdiriləcək, yeni-yeni materiallar üzə çıxarılacaq və oxuculara təqdim ediləcəkdir. Oxucu kitabla tanış olduqca Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında işıqlandırılan yazıların məzmununun müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, Respublikanın inkişafının həqiqi əks sədasını duyacaq”, – deyə kitabın ideya müəllifi akademik Kamal Abdulla təqdimatda çıxış edərkən bildirib. Alim bu ağır və məsuliyyətli işin yerinə yetirilməsində, kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkürünü bildirib.

Təqdimat zamanı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bu gözəl təşəbbüsü müsbət dəyərləndirib. Qeyd edib ki, bu cür mənbələri araşdırmaq və toplu şəkildə təqdim etmək çox vacib, aktual məsələdir.

Millət vəkilləri Arzu Nağıyev, Vüqar İsgəndərov, Anar İsgəndərov, Sevinc Fətəliyeva çıxışlarında kitabı Ümummilli Liderin 100 illiyinə ən böyük töhfələrdən biri kimi qiymətləndirib, həmin dövrün araşdırılmasının, geniş işıqlandırılmasının vacibliyinə toxunublar. Kamal Abdullanın kitablarının hər birinin oxucu tərəfindən sevildiyini və bu cür layihələrin davamlı olmasını arzulayıblar.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirdə çıxışı zamanı kitabın ideyasının orijinallığına toxunub.

Professor Solmaz Rüstəmova-Tohidi kitabın hazırlanma prosesində yaxından iştirak etdiyini və çox böyük bir zəhmətlə ərsəyə gəldiyini vurğulayıb. Alim kitabı siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar, mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi qiymətləndirib.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ADU-nun Elmi Şurasının qərarı ilə çap olunub.

Teqlər: