Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına
mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 99 illiyi Qaradağ rayonunda geniş şəkildə qeyd
olunur.
Əlamətdar günlə bağlı 28 aprel 2022-ci il tarixində Qaradağ
rayonunun ucqar qəsəbəsi olan Çeyildağ qəsəbəsində “Sağlam ailə
sağlam gələcəyin təminatıdır” adlı əhalinin tibbi müayinədən
keçirilməsi aksiyası təşkil olunub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə
İsmayılova tibbi müayinəyə gəlmiş Çeyildağ qəsəbə sakinləri
qarşısında çıxış edərək oftalmoloq alim Zərifə Əliyevanın tibb
elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual
problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai
fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd
etmişdir. Eyni zamanda çıxışında tibbi müayinələrin bir sıra
xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının
alınmasına kömək etdiyini, rayonumuzda hər cür avadanlıqlarla
təchiz olunmuş xəstəxanaların fəaliyyət göstərdiyini, lakin
Çeyildağ qəsəbəsində tibb məntəqəsinə və bəzi sahələrdə
mütəxəssislərə ehtiyac duyulduğunu bildirmiş və bu baxımdan,
aksiyanın böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Aksiya müddətində rayonun səhiyyə müəssisələrində çalışan
təcrübəli 15 nəfər həkim-mütəxəssislər tərəfindən 100-ə yaxın
qəsəbə sakini tibbi müayinələrdən keçib, səhhətində problem olan
bəzi sakinlərə məsləhətlər verilmiş və müvafiq müalicə təyin
olunub.
Sakinlər onlara göstərilən diqqətə görə təşəkkürlərini
bildirdilər.